/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Rəhimli: “Güney Azərbaycandakı milli hərakat çox böyük düşmənlə üzbəüzdür”

Rəhimli: “Güney Azərbaycandakı milli hərakat çox böyük düşmənlə üzbəüzdür”

Güney Azərbaycan Milli Hökümətinin 70-ci ildönümünə hazırlıq ərəfəsində Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin üzvü, AMEA- nın Ziya Bünyadov adına Şərqşünaslıq institunun elmi əməkdaşı, Güney Azərbaycan Elmi Araşdırmalar Şöbəsininsabiqrəhbəri professor Əkrəm Rəhimli iləgörüşüb söhbətləşdik. Güney Azərbaycandakı xalq hərakatının dünənindən, bu günündən, sabahından danışıb, ” 21Azərhərakatı” nın xarakterik cəhətlərini, Milli Hökümətin birillik hakimiyyəti müddətindəkifəaliyyətini müəyyənləşdirməyə çalışdıq. 

Əkrəm müəllim həyat elə gətirib ki, şahidi olduğunuz tarixi dövrün, inqilabi hərakatın sonralar həm də araşdırmaçısı olmusunuz. Sözsüz ki, söhbət  “21 Azər” hərakatından, Güney Azərbaycan Milli Hökümətindən  gedir. Bu dövrə, bu hadisələrə münasibətdə şahid, vətəndaş Əkrəm Rəhimli ilə araşdırmaçı, alim Əkrəm Rəhimlinin fikirləri nə dərəcə uyğun, nə dərəcədə fərqlidir?

Sualı  doğru qoyursunuz, o mənada  ki, mən həmin  45-46 -cı il hadisələrinin  iştirakçısı yox  şahidi olmuşam. Ancaq, bizim ailəmiz anam, atam, qardaşım,  əmim, dayım bu hərakatın iştirakçısı olublar və bütün bunlar mənim gözümün qabağında şahidi olduğum hadisələrdir.  Allah-tala mənə bir xoşbəxtlik nəsib edib ki, məndə  uşaqlıq hafizəsi çox güclüdür. Yəni, hər şeyi detalı ilə yadda saxlamışam. “21Azər hərakatı”,  Azərbaycan Milli Hökümətinin yaranması dövründə mən məktəbli olmuşam. İlk dəfə ana dilində təhsili də onda görmüşəm, ona qədər farsca oxuyurduq. Bütün bunlar zehnimdə çox güclü iz buraxıb, uşaqlıq izi…
Sonralar mən ali məktəbdə oxuyanda da,  müdafiə  edəndə də həmişə Güney Azərbaycandakı o hadisələri işıqlandırmaq, “21 Azər hərakatı”nın məzmununu, mahiyyətini ictimaiyyətə, xüsusən gənc nəslə çatdırmağa çalışmışam. Hərakat haqqında çoxlu təhriflər, yalanlar, bəzəklər, düzəltmələr olub. Hərakatı bəzəklərdən, təhriflərdən xilas etmək üçün mən tədqiqata meyl elədim. Bu, təqribən 1958-ci ildən başlandı. Bu dövrə aid məndə çoxlu arxiv sənədləri, mənbələr, fərqli ədəbiyyatlar var. Həmin ədəbiyyata həm Şah dövründə,  həm də  inqilabdan sonrakı dövrdə Azərbaycanda, Rusiyada və qərbi Avropada çıxan kitablar aiddir. Bir sözlə mövzu məni  müstəqil tədqiqatla məşğul olmağa gətirib çıxardı, ancaq ona qədər jurnallarda, qəzetlərdə  xeyli sayda məqalələrim  çıxıb. 2000-ci ildə   bütün bu fikirləri ümumiləşdirib  “Güney Azərbaycanda Milli Demokratik Hərakat – 1941-1946” adlı monoqrafiyamı   yazdım.

 

Bu monoqrafiya cəmiyyət tərəfindən çox  yaxşı qarşılandı və Bakıda nəşr olundu. Sonralar, həmin kitab  Kanadada nəşr edildi, həmçinin   İranın özündə də  milli qüvvələr tərəfindən fars dilində  çap olundu. Hazırda  Elmlər Akademiyasının sifarişi ilə  kitabın 4-cü nəşri üzərində  işləyirəm və demək olar ki,   nəşrə hazırlıq tamamlanmaq üzrədir. Belə qəbul etmək mümkündür ki, kitab nə sağçı , nə solçu, nə də hər hansı bir fərqli baxışın məhsulu deyil, obyektiv bir tədqiqatçının tərəfsiz apardığı tədqiqatının nəticəsidir. Yəni, kitabda heç bir  məfkurəvi təsir yoxdur.  Bundan öncə mən  “Seyid  Cəfər Pişəvəri ” kitabını da işlədim.  Sankt-Peterburqda  yaşayan iş adamı Məzahir Həsənlinin vəsaiti ilə,  o kitab 2009-cu ildə keyfiyyətli bir şəkildə çap olundu və o da oxucular tərəfindən çox yaxşı qarşılandı. Arzu edərdim ki, bu kitabın işlənmiş 4-cü çapı da milli qüvvələr, imkanı olan adamlar tərəfindən dəstəklənsin. Bu, ona görə zəruridir ki, bu bizim tariximizin şanlı bir səhifəsidir, XX əsr Güney Azərbaycandakı hərakatların zirvəsidir. İkincisi isə bu kitabı nəşr etmək ona görə vacibdir ki, yeni nəsil o hadisələri heç vaxt unutmasın,  kitabı oxumaqla bilsin ki, onların babaları, ataları, qardaşları orda hansı höküməti qurublar, necə qurublar, hansı mücadiləni veriblər. İnanıram ki,  yaxın vaxtlarda  məhz  “21 Azər” in 70 illiyi ərəfəsində “21 Azərə gedən yol, Azərbaycanda Milli Demokratik Hərakat 41-46” adlanan bu kitabın 4-cü nəşrinə də imkan yaradılacaqdır.

Güney Azərbaycan Milli Hökümətinin  tariximizdəki yerini necə səciyyələndirərdiz? Qısa hakimiyyəti ərzində bu hökümətin hansı fəaliyyətləri  olmuşdu?

XX əsrin birinci yarısında Güney Azərbaycanda  3 böyük hərakat olub. 1905-11- ci illər Səttarxanın başçılıgı ilə Məşrutə hərakatı , 1918- 20-ci illərdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Xiyabanı hərakatı və  1945-46 -cı illərdə “21 Azər”  hərakatı.
Səttarxan hərakatı məlum olduğu kimi  tam milli hərakat deyildi. Yəni o mənada ki, Azərbaycan xalqının azadlığını, Azərbaycanın müstəqilliyini və sərbəstliyini tam ifadə etmirdi. O, sadəcə İran üçün azadlıq tələb edirdi ki, bunu  sənədlər də təsdiq edir.
Xiyabani isə Səttarxandan fərqli olaraq Azərbaycana məhdud dairədə müstəqillik istəyirdi. Lakin, həm  Səttarxanı , həm də Xiyabanini   məhv etdilər və hətta milləti qorxutmaq üçün Xiyabanin cənazəsini Təbriz şüşələrinin üzərində nərdivana qoyub nümayiş etdirdilər. “21Azər”ə qədər bütün bunlar olubdu.
Ancaq, həm Səttarxanın Məşrutə hərakatı, həm Xiyabaninin Azadistan hərakatı Güney Azərbaycana o toxumu səpdi. Həmin toxum cücərməyə imkan axtarırdı. Rza şah 1927-ci ildə hakimiyyətə gələndən sonra elə bir diktatura yaratdı ki,  heç vəhclə milli qüvvələrin baş qaldırması mümkün deyildi. Hansı qüvvə baş qaldırırdısa onu zindan, ölüm, sürgün gözləyirdi. O cümlədən S. C. Pişəvəri də həmin baş qaldıranlardan biri idi ki,  10 il həbsdə olmuşdı, 6 il də sürgündə  qalmışdı.
“21 Azər hərakatı” mahiyyətinə, həyata keçirdiyi tədbirlərə və istəklərinə görə  XX əsrin birinci yarısında Güney Azərbaycanda olan xalq hərakatlarının zirvəsidir. Birincisi bu hökümət Güney Azərbaycanın Həmədan və Qəzvindən başqa bütün ərazisini ələ aldı, Azərbaycan Milli Hökümətini yaratdı. İkinci isə  bu hökümət çox böyük  islahatlar həyata keçirdi. Bu islahatları aşağıdakı təsniflə bölə bilərik;

1.Siyasi-iqtisadi islahatlar
2.Demokratik islahatlar
3.Mədəni  islahatlar

Bu dövrdə Azərbaycanda demokratik islahatlar tam bərqərar oldu. Azərbaycan xalqı ilə bərabər Azərbaycanda yaşayan qeyri-millətlərə də həm siyasi, həm mədəni  fəaliyyət göstərmək üçün imkan verildi, bir şərtlə ki, onların fəaliyyəti Azərbaycan Milli Hökümətinin əleyhinə olmamalıydı. Bu baxımdan onların dini etiqadlarının təmin edilməsi, məbədlərinin işə salınması, məktəblərinin açılması üçün bütün imkanlar tanınmışdı. Onlara ermənilər, kürdlər, ərəblər və s. aid idi. Həmçinin, Azərbaycan ərazisində yaşayan  müsəlman olan bütün  qeyri millətlərə də heç bir milli ayrıseçkilik və məzhəb  fərqi    qoymadan fəaliyyət etməyə imkan verilmişdi ki, bunların hamısı siyasi azadlıqları təşkil edirdi.

Mühüm addımlardan biri də o idi ki, İran tarixində ilk olaraq, qadınlara seçib- seçilmək hüququ bu dövrdə verilib.

İqtisadi islahatlara gəlincə həmin dövrdə Güney Azərbaycanda   ən böyük problemlərdən biri kəndli məsələsi, aqrar məsələ idi. Kəndlərin çoxunda  torpaqların böyük əksəriyyəti hökümətin, yəni Şahın, böyük xanların, bəylərin, mülkədarların, mənsəb sahiblərinin əlində idi. Kəndlilər  bir qul  kimi işləyib  onlardan az miqdarda  məhsul ala bilirdilər. Milli Hökümətin   gördüyü mühüm tədbirlərdən biri də mütərəqqi aqrar islahatın həyata keçirilməsi idi ki, bu aqrar islahat haqqında 3 maddəni mütləq qeyd etməliyik;

1. Ölkədə öz mülkünü  qoyub qaçan adamlar var idi ki, varlılar, bəylər, xanlar,  hansı ki, Milli Hökümətə düşmən idilər, onlara göstəriş verildi ki, əgər 15 günə qədər ölkəyə qayıtmasalar, bütün əmlakları müsadirə olunacaq.

2. Rza Şahın yəni, ölkə şahının özünə məxsus xalisə deyilən torpaqları var idi ki, bu xalisələr də ikinci mərhələdə xalqa, kəndlilərə verildi.

3. Digər bir cəhət də o idi ki, əlində böyük torpaq sahəsi olub lakin, onun çox kiçik hissəsini istifadə edən  mülkədarlardan torpağın  90 faizi alınıb  müəyyən paylarla kəndlilərə verildi.
Bir sözlə Milli Hökümətin gördüyü mütərəqqi işlərdən biri  olan aqrar- kəndli  islahatı demokratik əsaslar üzərində həll olundu. Bu tək İran tarixində deyil, yaxın Orta Şərq tarixində  görünməmiş  hadisə idi.
Mədəniyyət məsələsində  isə ən mühüm addımlardan biri türk dilinin dövlət dili elan olunması idi. 1946- cı il yanvarın  2-də fərman verildi və bununla da bütün məktəblərdə 1-dən 4-cü sinifə qədər  Azərbaycan türkcəsi  tədris olunmağa başlandı. Ondan yuxarı siniflərdə kitab olmadığına görə müəllim kitabı farsca oxuyurdu, lakin Azərbaycanca tədris edirdi. O prosesin  şahidi kimi deyə bilərəm ki, biz o zaman farsca oxuyurduq, həmin hadisələr vaxtı Maarif Nazirliyindən bir dövlət nümayəndəsi gəldi və  dedi ki, bu andan etibarən siz ana dilinizdə yazıb oxuyacaqsız. Halbuki, ona qədər nəinki oxumağa, heç danışmağa da icazə verilmirdi türk dilində. Ana dilinin xalqa  qaytarılması Milli Hökümətin gördüyü mühüm işlərdən biri idi.

İkinci savadsızlığın aradan qaldırılması idi ki, məhz S. C. Pişəvərinin də belə bir sözü var idi ki, bir millətin yaxşı milli kadrlarının olması üçün onun savadsızlıq problemi aradan qaldırılmalıdır. Bu dövrdə savadsızlığı ləğv etmək üçün kurslar açıldı, məktəblərin sayı artırıldı. Təmirə ehtiyacı olan məktəblər təmir edildi, dövlət universiteti yaradıldı, Dövlət Dram Teatrı, Milli Flarmoniya, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı yaradıldı, bir çox yeni mədəniyyət  sahələrinin əsası qoyuldu. Bu dövrdə həyata keçirilmiş mədəni islahatları saymaqla qurtara bilmərik. Əslinə baxsan həm də mədəni bir inqilab başlamışdı o dövrdə.
Bir şeyi də deməliyik ki,  bu mədəni inqilabda əsasən Sovet qoşunları tərkibindəki  Cənubi Azərbaycana gəlmiş  quzeyli azərbaycanlılar iştirak edirdi ki, əksəriyyəti ziyalılar idi. Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Arif, Qılman İkin, Süleyman Rəhimov və bir çox ziyalıların  mədəni intibahda  çox böyük rolları və zəhmətləri  olmuşdu.

“Birillik mövcudluğu ərzində 20 illik bir dövrün işini görməyi bacarmış” bu hökümətin süqut etməsinin əsas səbəbləri nə idi? O dövr Güney Azərbaycan insanının milli təfəkkürü bu inqilabi sıçrayışlarla paralellik təşkil edirdimi, hərakatla millətin milli yetişkənliyi nə dərəcədə harmoniyada idi?

-Bunu İvan, Andrey yox, bizim quzeydən gələn doğma soydaşlarımız etmişdi…

Bu 20 lliik sözü təkcə bizim söz deyil, bu haqda Amerika müəllfi  Con Fran da qeyd edib, halbuki onun milli hökümətə  münasibəti heç də yaxşı olmayıb. Ancaq, o kitabında yazır ki, “Rza şahın 20 ildə görmədiyi işi bu hökümət bir ildə həyata keçirdi”. Bəs gəlin görək bu işlər nələrdən ibarət idi;
1.Birincisi odur ki, iqtisadiyyat  dirçəldi. Fəaliyyəti dayanmış fabriklər, zavodlar işə salındı, onlar xammal ilə təmin olundu. Dövlətin özünün təşəbbüsü ilə milli sənaye müəssisələri, o cümlədən toxuculuq müəsisələri yaradıldı. Milli kapital dövlət tərəfindən himayə olunmağa başladı.

2.İkincisi, həmin istehsal olunan malın ixracaat bazarının yaradılması yönündə də mühüm işlər görüldü ki, təkcə Azərbaycan bazarında deyil, bütün İran bazarında da bu mal satıla bilsin. Başqa bir cəhət isə əvvəl qeyd etdiyim ki, aqrar cəhət idi. Çox qəribədir, 44- cü ildə quraqlıq nəticəsində böyük qıtlıq yaranmışdı. Lakin , buna baxmayaraq Milli Hökümətin 45-46 -cı illər aqrar islahatıyla torpaqların kəndlilərə verilməsi  nəticəsində böyük məhsul bolluğu yaranmışdı. Nəticədə Azərbaycan özünü  taxılı ilə  təmin edə bilmişdi.

3.Mühüm işlərdən biri də abadlıq işləri idi. Təbriz şəhəri tamamilə simasını dəyişmişdi. Küçələrdə asfalt salındı, Təbrizə su çəkildi, bütün  rayonlara, hətta kəndlərə yollar çəkildi. Bir sözlə o dövrdə Azərbaycanın abadlaşdırılması işi sürətlə aparıldı. Sözün bu anında bir məqamı qeyd edim ki, o zaman dövlətin maliyyə vəsaiti çox məhdud idi. Lakin, məhdud maliyyə vəsaiti ilə bu işləri görə bilmişdilər. 21 Azər hərakatı  dövründə Təbrizdəki bankda cəmi 18 milyon tümən pul var idi. Lakin hərakat qalib gələn kimi bunun 16 milyonu dövlət rəsmilərinin əli ilə Tehrana qaçırılmışdı. Cəmi 2 milyon tümən qalmışdı ki, bunun müqabilində isə bankın  əhaliyə 8 milyon borcu var idi. Ancaq, dövlət müxtəlif yollarla, istiqrazlar, pulu əvəz edən sikkələr buraxmaqla (buna o zaman bilet də deyirdilər-Ə.R), kooperativlər yolu ilə, vergilərdən yığılan pullarla və digər vasitələrlə əldə edilən kiçik maliyyə ilə mədəniyyət, maarif islahatlarını, abadlıq işlərini apara bilmişdi. Bunu o dövrün şahidi və ya tədqiqatçısı kimi yalnız mən demirəm, sənədlərdə,  xatirələrdə var ki, o dövrün abadlığını sonralar görmək mümkün olmadı. Hətta biri yazır ki, “ey kaş, o dövlət indi yaşasaydı, Azərbaycan nə vəziyyətdə olardı, hansı yüksəkliyə nail ola bilərdi?!”.

Sualın ikinci tərəfini cavablandırım, çox dəqiq yanaşmısınız. 1941- ci ilin avqustunda   ora daxil olan Sovet qoşunları orada milli oyanışa böyük kömək etmişdi. Biz bunu inkar edə bilmərik. Ancaq, yadda saxlamaq lazımdır ki, bunu İvan, Andrey yox, bizim quzeydən gələn doğma soydaşlarımız etmişdi. Əziz Əliyevin başçılığı altında ordu tərkibində 3000-ə yaxın  ziyalı gəlmişdi ki, bunlar milli oyanışa çox böyük kömək etdilər. O zaman  “Vətən yolunda” qəzeti, Urmiyada “Qızıl əsgər”, “Yumruq” adlı jurnal çıxdı, Opera Balet Teatrı açıldı, kinematoqrafiyanın əsası qoyuldu,   bir  sözlə milli oyanışda quzeydən gələn bu böyük heyətin xüsusi rolu oldu.

Sualınızın üçüncü tərəfinə gəlincə, milli oyanma elə başlamışdı ki, Azərbaycan Demokratik Firqəsi yaradılana qədər orda 8-9 yerli təşkilat yaranmışdı. Ancaq, milli oyanışda böyük rolu olan bu təşkilatların  heç biri kütləni bir yerə yığa bilmədi, hədəfə yönəldə bilmədi. Pişəvəri bu haqda belə demişdi ki, onlar Azərbaycan Demokratik Firqəsinin pionerləri idi.

Demək, bu hadisələrdə Sovetlərin  təsiri olsa da hər halda   millətin təbii yetişkənliyi əsas şərt olub, yəni bir çoxlarının qeyd etdyi kimi ixrac hərakat olmayıb… 

-Milli qüvvəni inkar edib hər şeyi Sovetlərə bağlamaq olmaz…
Əlbəttə, yetişməsəydi bu inqilab mümkün olmazdı. Bir çoxları deyir ki, o cümlədən Cəmil Həsənli də öz yanaşmasında qeyd edir ki, bunu Sovetlər elədi, silah verdi, filan etdi və s. “Güney Azərbaycanda Milli  Demokratik Hərakat” adlanan  kitabımda bir  cümlə işlətmişəm; “Silah vermək şərt deyildi, silahı əldə tutan adam lazımdı”. Əgər o insan ona hazır deyilsə, onun qəlbində bu yoxsa, silah verməklə nə dəyişəcəkdi…
Silah məsələsinə gəlincə silah Sovetlər tərəfindən  İspaniyaya, Əfqanıstana,  Yunanıstana da verildi, nə oldu axırı, baş tutmadı ki. Hətta, Avropanın   sosialist ölkələrinə  də silah verilmişdi, nə oldu sonluğu? Sovetlər vermişdi də bu  silahı da…
Güney Azərbaycanda isə onlardan fərqli olaraq silahı əldə saxlayan, məqsədli insanlar vardı. Milli qüvvəni inkar edib hər şeyi Sovetlərə bağlamaq olmaz. Biz inkar etmirik, bu ayrı bir söhbətdir. Sovetlərin yardımı olub, ancaq bu həlledici deyil, təsiredici amil olub. Demək mümkündür ki, silah verilib, maddi yardım edilib, təlimat verilib, və s. Lakin, sən deyəsən ki, hərakatı Sovetlər elədi, bu haqsızlıqdı.

 Deməli inqilabi siçrayışla milli yetişkənliyin  paralellik təşkil etdiyi fikrindəsiniz?

41-dən 45-ə qədər o oyanış getdi, milli məfkurə formalaşdı,milli hisslər əmələ gəldi, dirçəldi. Əhalidə milli hislər ki, yaradıldı, yaranandan sonra əhali hazır idi. Ona görə də, Firqə əmr edən kimi minlərlə, on minlərlə adam silaha sarılıb vuruşmaq istədi.

Bəs Milli Hökümət nədən süqut etdi?

  • Sovetlər İranı ələ keçirmək üçün Cənubi Azərbaycanda olan bu hərakatdan bir kart kimi istifadə etdi…

Belə deyək ki, bir ilin içində qüdrətli bir  dövlət yarandı, ordusu, iqtisadiyyatı  yaradıldı. Necə oldu ki, birdən-birə bu dövlət süqut elədi, özü də çox böyük sürətlə, səbəb nə idi? Bunun iki mühüm həlledici səbəbi var, üçüncüsü isə təsiredici səbəbdir. Həlledici səbəblərdən biri bu idi ki, Şahın arxasında  Amerika, İngiltərə, Fransa dururdu. Bizdə sənədlər var ki, nə qədər maliyyə yardımı ediblər, nə qədər silah köməyi ediblər, nə qədər təyyarə veriblər. Hətta, hərbi müşavirlər gəlib 50 minlik Şah qoşununa təlim keçib. Qarşı tərəf  bu ölkələr tərəfindən qüvvətləndirilirdi. O qüvvənin qarşısında dayanmaq üçün isə Azərbaycanda lazımi hərbi baza yox idi.  Azərbaycanda  Sovetlərin bir dənə sınıq tankı var idi, ancaq onu da götürüb çıxmışdılar. Deməli, məğlubiyyətin bir səbəbi  Məhəmməd Rza Şah rejiminin arxasında  imperialist qüvvələrin dayanması idi. İkincisi səbəb isə milli qüvvələri ortalığa salan, meydan verən, ruh verən, istiqamət verən, qələbəyə ruhlandıran Sovet hökümətinin birdən birə kənara çəkilməsiydi. Nəyə görə, neft amilinə görə. İran ərazisində istehsal mədənlərini, faydalı qazıntıları, nəqliyyatı ələ keçirmək, bir sözlə İran iqtisadiyyatını ələ keçirmək naminə Qavamsəltənə höküməti ilə Stalin arasında olan danışıqlar  nəticəsində Sovet höküməti qoşunlarını ordan çıxardı. Həm də, qoşunları çıxarmaqla bərabər verdiyi silahları da geri aldı. Xatirələrin birində yazılır ki, hərbi məktəbdə bir dənə sınıq tank qalıbmış müdavimlər onun üzərində dərs keçirmişlər, hətta o sınıq tankı da götürüb gediblər. Sovet qüvvələrinin milli qüvvələrin arxasından qaçmağı onları meydanda tək qoydu.
Üçüncü  təsiredici amil isə Milli Hökümətin rəhbərlərinin də təqsirləri olmuşdu. Nə idi bu təqsir? Bu təqsir ondan ibarət idi ki, Sovetlərə həddindən artıq inanmışdılar. Hətta, məğlub olan  dövrdə də bunlar inanırdı ki, tam məğlub olmayıblar, yenidən qayıdıb bu işləri tamamlayacaqlar. Gərək bu cür inanıb arxalanmayaydılar. Mən bu məsələni kitabda belə əsaslandırıram ki, hər hansı hərakat tapmaq mümkün deyil ki, onun xariclə əlaqəsi olmasın, yardım almasın. Ancaq, yardımı kim verir, nə məqsədlə verir, gərək bunlar öncədən dəyərləndirilə…
Demək burdan belə nəticə cıxır ki, Sovetlər İranı ələ keçirmək üçün Cənubi Azərbaycanda olan bu hərakatdan bir kart kimi istifadə etdi. Lakin, Şah onu vermədi, bunlar uduzdular. Axır vaxtlar arxivdən yeni bir sənəd tapılıb, yeni kitabımda onu verəcəyəm. Milli Hökümətin rəhbərləri Mircəfər Bağırova 6 səhifəlik bir məktub yazırlar ki, vəziyyət ağırdır. Siz bizə kömək etməyin, istəmirik, ancaq bizə adi silahlar  verin, camaat qalxıb ayağa, Babək hərakatına on minlərlə adam qoşulub. Mircəfər Bağırov məktubu alan kimi Stalinə teleqramla vəziyyəti bildirir. Stalin teleqramı oxuyandan sonra gecənin bir vaxtı saat 2-də zəng edir və köməkçisinə deyir ki, onu Bağırovla birləşdirsin. Köməkçisi xəbər etdikdən sonra Bağırov kabinetinə gəlir. Stalin deyir ki, bəs bu məktubu yazmısan, sən nə fikirləşirsən? Bağırov deyir ki, “yoldaş Stalin biz böyük zəhmət çəkmişik, orda xalq əzilib, hüququ əlindən alınıb”,  onlara biz kömək etməliyik, heç olmazsa onlara minumum silahlar göndərək. Biz bunu eləməliyik. Stalin deyir mümkün deyil, “mən 3-cü dünya müharibəsinə başlaya bilmərəm”. Bağırov bir də xahiş edir, deyir ki, axı onda Cənubi Azərbaycan əldən gedir, bizim zəhmətimiz, əziyyətimiz gedir. Stalin cavabında  “Seyid bu ölkənin sahibi sənsən, ya mənəm deyib dəstəyi yerə qoyur”. Müəllif kitabında yazır ki, bu yerdə Bağırovun gözündən yaş süzülür ki, Cənub getdi. Bax  xəyanət budur.

Mircəfər Bağırovdan danışdız, onun rolunu bu hadisələrdə necə qiymətləndirərdiz?

– O, istiqlaliyyət daxilində Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini istəyirdi…

Bu, tamam başqa bir mövzudur. Mən öncəki müsahibələrimdə də bu haqda demişdim ki, ona münasibətdə iki cəhətlə yanaşmaq olar. Tam bir paradoks haldır ki,  onda qəddarlıq xüsusiyyəti var idi, milli kadrların ölümündə, sürgün edilməsində adı keçir. İkinci bir cəhət isə onun milli olub təpədən dırnağa qədər Cənubi Azərbaycan istiqlalından yana olması idi. Və o, istiqlaliyyət daxilində Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsini istəyirdi. Stalin də o zaman ona söz vermişdi ki,  istəyini həyata keçirəcək. Mircəfər Bağırov bundan ruhlanırdı, bütün varlığı ilə buna çalışırdı. Ancaq, pərdənin arxasında Stalin-Mikoyan bloku nə iş görürdü, onların məqsədi nə idi, o, bunu  görmürdü, hər şey  sonradan məlum oldu ona.

– Əkrəm müəllim bunu danışdıq, cox maraqlıdır, sizcə burda  Sovet  hökümətinin, konkret desək Stalinin cəkindiyi amil nə olub? Təsəvvür edək ki, artıq Cənubi Azərbaycanda müstəqil bir dövlət var və hətta Şimali Azərbaycanla Cənubi Azərbaycan birləşir, bunun nəticəsindən niyə qorxdular onlar?

– Mikoyan da, Stalin də, Beriya da buna yol verməzdilər ki, Türkiyədən sonra belə bir ikinci türk dövləti yaransın…

Bax, bu  məsələni də təhrif edirlər. Guya Trumen Stalinə deyb ki, əgər sən Cənubi Azərbaycandan qoşunlarını çıxarmasan biz  sizə müharibə elan edib atom bombası salacıq. Ancaq, bunu sübut edən heç bir sənəd yoxdur. Hətta, Amerikalı müəllf özü də yazır ki, mən də kitabda vermişəm ki, belə bir sənəd yoxdur. Trumen  bu sözü deməyib. Bəs nədir burda məsələ? Mənim təqdiqatçı kimi  şəxsi mülahizəm budur ki, burda əsas səbəb budur ki, əgər Cənubi Azərbaycan qalsaydı, Cənubi Azərbaycan da  məsələn Belorusiya kimi, Ukrayina kimi onları necə birləşdirdi, Moldaviyanı necə qopardı Ruminiyadan, Bessarabiyanı verdi, eləcə də bunu da  birləşdirsəydi, deməli SSRİ-nin tərkibində qüdrətli bir türk dövləti yaranardı ki, indi onun əhalisi təxminən 50 milyon olardı. Bu isə Ermənistan, Gürcüstan qarşısında bir filə oxşayardı. Mikoyan da, Stalin də, Beriya da buna yol verməzdilər ki, Türkiyədən sonra belə bir  ikinci türk dövləti yaransın. Bax bu məsələ əsas  səbəb idi. Yoxsa, əgər onlar bunu özləri üçün bir təhlükə hesab etməsəydilər   bu məsələ həll olardı. Halbuki, sınıq-salxaq silahdan verdilər, başqa cür də kömək edə bilərdilər. Pişəvəri yazır ki, camaat cəbhəyə getmək istəyirdi, ancaq əli yalındı. Cənubi Qafqazda güclü bir türk dövləti yaranmasın deyə buna imkan vermədilər.

Demək bu baş versəydi həm də dünyada  siyasi gedişatın dəyişməsinə səbəb olardı. Ön Asiyada, İran adlanan ərazidə yenidən türklər əsas söz sahibi ola bilərdi ki, bu həm də dünya ağalarının  bütün imperialist planlarının alt üst olması deyildimi?

– Əlbəttə…

Bəs o dövrdə  Güney Azərbaycanın qərbində Soyuqbulaq adlı yerdə  kürdlərə yaradılan Mahabad respublikası haqqında nə deyərdiz? Kürdlərə bu ərazidə dövlətin yaradılmasında maraqlı olan güc sahibləri  kimlər  idi?

– Başqa ərazilərdə kürd dövləti yaratmaq bir növ ermənilərin yolunu getmək idi…

İran çoxmillətli bir ölkədir. Bu millətlər  zor ilə bir dövlət altında, vahid İran dövləti, fars bayrağı altında birləşdirilib. Burda söhbət  kürdlərdən, ərəblərdən, lorlardan, türkmənlərdən,  bəluclardan , o cümlədən ölkənin əsas milli vahidi olan Azərbaycan türklərindən gedir. Məhz, bu səbəbdən  Azərbaycan Demokrat Firqəsi yaranan zaman ortaya federasiya məsələsini  atır ki,  federativ dövlət yaradılsın, bütün millətlərə siyasi hüquq verilsin. Bu zaman kürdlər də ayağa qalxmışdı. Kürdlər bəzi cəhətdən “21Azər”i əvvəl tanımırdıar, hətta fədailərə yeri düşəndə zərbə endirirdilər. Və o zaman  kürdlərin başçılları Qazi Məhəmməd , Seyfi Qazi  sovet hökümətinə bununla bağlı müraciət etdilər. Və eyni zamanda Pişəvəriyə müraciət elədilər ki, siz necə qalxmısız, ayaga dilinizi istəyirsiz, mədəniyyətinizi istəyirsiz, İran daxilində muxtariyyat istəyirsiz, biz də onu istəyirik. Siz biraz müəyən dairədə bizə kömək eləyin, yer verin, biz də öz dövlətimizi quraq. Mahabad dediyin yer əslinə baxsan Azərbaycan torpağıdır. Yani Güney Azərbaycanın qərb bölgəsindəki mərkəzlərdən biri olan Soyuqbulaq ərazisinin kürdcə adlandırılmasıdır. O zaman sovetlərin məsləhəti ilə S.C. Pişəvəri razılıq verdi ki, Soyuqbulaq ərazisi müvəqqəti verilsin kürdlərə, Kürdüstan dövləti yaradılsın, sonra bu məsələ, hər şey qurtarandan sonra həll olunar ki, məsələn kürdlərin ərazisi hara olacaq, Azərbaycanın ki, hara olacaq, Həmin  dövrdə də  Kürdüstan Demokratik Firqəsi yaradılır. Nə vaxta qədər ki, Qazi Məhəmməd, Seyfi Qazi onun başında idi onlar Azərbaycanla birlikdə hərəkət edirdilər, hətta təsadüfi deyildi ki, Pişəvəri Tehrana danışıqlara gedəndə İran höküməti ilə Məmməd Qazi də  o nümayəndəliyin tərkibində getmişdi. Yəni o dövr üçün o mütərəqqi hadisə  idi. Amma, burda bir amma var. Amma nədən ibarətdir? Sonralar məlum oldu ki, indi İran Kürdüstanı adlanan ərazidə müstəqil bir kürd dövləti yaratmaqla, gələcəkdə Suriya, İraq, İran, Türkiyə ərazisində kürdləri bir dövlətdə birləşdirmək nəzərdə tutulubmuş. Buna bufer dövləti deyirlər. Belə bir bufer dövləti yaratmaq demək o vaxtdan  Amerikanın, İngiltərənin planında var imiş ki, kürdləri də himayə edirmişlər. Kürdlər də bundan istifadə edərək Cənubi Azərbaycanın qərb bölgəsində, müəyyən əraziləri tutur, orda demoqrafik durumu dəyişirlər. Və tədricən sübut etməyə çalşırlar ki, guya tarixən bu yerlər kürdlərə mənsub olubdu, bu torpaqlar qədim Kürdüstandı. Halbuki, kürdlər tamamilə gəlmədir, bunlar dağ adamlarıdır, onlar şəhərlərə sonradan  gəlib yerləşiblər. Yəni burda iki məsələni bir-birindən ayıraq. O Kürdüstan dövləti ki, Hacı Məhəmmədin başçılığı altında yaradılmışdı,  o, mütərəqqi dövlət idi, yəni Güney Azərbaycandakı Milli Hökümətə arxa duran (müttfəfiq ), onunla həmkarlıq edən bir dövlət idi. Hansı ki, o dövlətin yaradıcısı olan Qazı Məhəmmədin özü də Şah tərəfindən asıldı. Ancaq, bundan sonrakı mərhələdə  kürd millətçilərinin vahid Kürdüstan yaratmaq ideyasına gəlincə bu tamamilə əsası olmayan bir şey idi və başqa ərazilərdə kürd dövləti yaratmaq bir növ ermənilərin yolunu getmək idi.

Əkrəm müəllim burda bilmək istədiyim odur ki, o zaman o ərazidə kürd dövlətinin yaradılması təbii amil idi, yoxsa?  Axı  o dövrün demoqrafik vəziyyəti onu göstərirdi ki, orda kürdlər çox azlıq təşkil edirdilər. Belə olan bir vəziyyətdə  necə olardı ki, onlarda təbii bir milli hərakat yaransın və dövlət yaratmaq istəyi irəli sürülsün? Demək ki, burda ixrac amillər, xarici təsirlər üstünlük təşkil edirdi… 

-M.Bağırov Pişəvəridən xahiş edir ki, onlara bir qədər yer verin, o dövləti yaratmağa…

Baxın o zaman da beləydi ki, yəni kürdlər öz milli hüquqlarını istəyirdilər. Ancaq , o dövlətin yaranmasına xarici amilin köməyi dəydi. M.Bağırov Pişəvəridən xahiş edir ki, onlara bir qədər yer verin, o dövləti yaratmağa. Onlarla həmkarlıq eləyin. Bu şeylər olub.

– O zamandan bu zamana  o ərazidə demoqrafik vəziyyətdə hansı dəyişikliklər olub? 

– İran dövləti  həmişə  çalışır ki, kürdlərlə azərbaycanlılar üz- üzə gəlsin. Üz- üzə gələndə bunların başı qarışanda siyasəti yeritmək asan olur. Məsələ bundan ibarətdir ki, ancaq, kürd millətçiləri onlar şovinist deyərlər, xaricdən maliyyələşdirilir. Və Amerikanın, İngiltərənin bunların maliyyələşməsində rolları vardır. İndi də Kürdüstanda olan kürdlər Azərbaycanlılara nisbətən cox varlıdır. Niyə? Çunki,  sərhədlər onlar üçün açıqdır, onlar qaçaqmal gətirirlər, bütün spirtli içkilər , siqaret və s. bu tipli strateji malların ticarəti onların əlindədi.Yəni, bu ikitərəflidir. Bir tərəfdən İrandakı indiki rejim istəyir ki, kürdlər güclənsin Azərbaycanlıların qarşıında dura bilsin. Bunu Amerika, İngiltərə də dolayısı yolla istəyirlər ki, əvvəl dediyim kimi bufer dövləti yaratmaq planına görə. Bu iki amil kürdlərin dirçəlişinə səbəb olan , kürdlərin əl qol açmağına səbəb olan amillərdi.

– Dünyanın sonrakı siyasi gedişatı, “yeni düzənçi”lərin artıq aşkar olan planları onu göstərir ki,  o vaxt Mahabad kürd respublikasının yaradılması indi   həyata keçirilən Böyük Ortadoğu Projesinin (BOP) İran ərazisində uyğulanan ilkin rüşeymi olubdu. Belə qəbul edə bilərikmi?

– Əvvəlki  demokratik haqq istəmə meyləri  ilə pərdələnən istəklər sonradan  işğalçılıq meylləri ilə əvəz olundu…

Mahiyyətcə dəyişmiş forması. O vaxt guya ki, demokratik idi, yəni hüququnu tələb edirdi. İndi bu hüququnu tələb etmir,  artıq ərazi tələb edir. Deyir ki, Azərbaycan mənimdi, bu hissə mənimdi. Əvvəlki  demokratik haqq istəmə meyləri  ilə pərdələnən istəklər sonradan işğalçılıq meylləri ilə əvəz olundu.

– 21 Azər hərakatından başlayaraq  arxada qalan 70 ildən sonra bu gün Güney Azərbaycan necə görünür?

– Güney Azərbaycanda Azadlıq hərakatına heç yaxşı münasibət bəsləməyən bir dənə Abdulla Müctehidi adlı müctəhid olub. 0nun “Azərbaycan böhranı” (farsca “Böhrani-Azərbaycan”) adlı kitabı var . Düzdü o, kitabda Pişəvəriyə çox yaxşı qiiymət verir, hörmət edir, ancaq hərakatı pisləyir. Yəni, kafir, kommunist adlandırır, ağzına nə gəlir deyir. Özü də o,  gündəlİklər yazırdı. Orda bir yaxşı bir söz işlədib. Kitabın axırında      şaha müraciət edir , deyir ki, Əlahəzrət bunların istədiyi bir şey var dil, bu dili verin bunlara , bunu verməsəz  bu həmişə sizə baş-ağrısı olacaq. Bu toxum artıq Azərbaycan toprağına səpilib. Zaman, məkan, tarixi şərait imkan verəndə o göyərəcək”. Bax bu sözdə böyük həqiqət var. O toxum Güney Azərbaycanda nələrdən ibarətdir; o Azərbaycan xalqının milli istəkləridir, tapdalanmış hüququnun bərpa olunmasıdır, dilinin verlməsidir, iqtisadiyyatının dirçəldilməsidir, Tehranın fars şovinistlərnin zülmündən azad olunmasıdır. Yəni, bu proses indi də davam eləyir. Bayaq elə futbolu misal çəkdiz həmin futbol onun bir nümunəsidir. Və yaxud o tarakan əhvalatı  oldu da , gördüz bütün Azərbaycan ayağa qalxdı. Deməli tarixi şərait imkan verən kimi dərhal həmin toxum özünü göstərir. Bu belə bir şeydi, barıt çəlləyinə oxşayır. Bunun həlli yolu da var. Onun həlli yolu budur ki, İran höküməti bu xalqların hüququnu tanısın, İranın federasiya üsulu ilə idarə olunmasına yol versin. Beləliklə, millətlər arasında olan bu daxili ziddiyyətlər, fərqli cəhətlər aradan qalxsın. Yoxsa, məsələn  Güney Azərbaycanda indi 14 milyon adam var, halbuki, biz deyirik ki, 30-35 milyondu. Bəs qalanı hara gedib? Bunların qalanı hamısı demək fars əyalətlərinə gedib. Onlarda iş var,  yollar çəkilir, limanlar qurulur, körpülər tikilir. Bir sözlə, əhali iş dalınca gedir, insan axını yaranır  və nəticədə ora bu adam ailəsİni də aparır, asimilyasiyaya uğrayır. Gələcəkdə də bu davam edərsə  Azərbaycan tədricən asimilyasiya siyasətinə qurban ola bilər. Bax bu hal gərək aradan götürülsün milli məsələdə. Durum ondan ibarətdir ki, qısa desəm  həmin toxumlar indi də Azərbaycan zəminində yaşayır və cücərmək üçün imkan axtarır.

– İndiki milli hərakat ideologiya, tələblər, hədəflər baxımından o dövrdən hansı cəhətləri ilə fərqlənir?

– İndiki hərakatda ən böyük qüsur odur ki,  vəhdət yaradıla bilmir…

Məsələ budur ki, 21 Azərin çox mühüm bir cəhəti ondan ibarət olub  ki, orda o zaman cəmi  7-8 təşkilat var idi. “Azərbaycan”, “Demokrasiya ocağı”  “Anti-faşist” və s. adda bir neçə adda təşkilat var idi ki, bunların hamısını Demokrat Firqəsi bir məcraya yönəldə bilmişdi. İndiki hərakatda isə ən böyük qüsur ondan ibarətdir ki, çoxşaxəlilik var. Bir də milli qüvvələrin içərisində mənəm – mənəm deyənlik var. Yəni şəxsi ambisiyalar qabağda gəlir. Milli hədəfə getmək üçün , milli hədəfi təqib etmək üçün, bütün qüvvələrin səfərbər olub bir əsgər kimi getməsi əvəzinə, birdən- birə  əsgər olmamış bir general kimi getmək istəyirlər. Bax, bu hal indiki hərakatın ən böyük qüsurudur. İndi neyləmək lazımdır? Əgər Güney Azərbaycanla baglı bütün bu hərakatları, istər Güney Azərbaycanın daxilində olsun, İstər İranın daxilində , istər digər yerlərdə- Avropada, Amerikada olsun bunları ayrı-ayrı çaylara bənzətsək bu çaylar hamısı bir gölə  gəlir. Yəni, məqsəd baxımından bunların hamısının hədəfi millilikdir. Ancaq, bunlar bir -birini yeyirlər, bir-birinin ayağından çəkirlər, bir-birinin əksinə hərəkət edirlər və bir-birinə olmazın bəzəklərini verirlər. İndiki hərakatda ən böyük qüsur odur ki,  vəhdət yaradıla bilmir. Vəhdət  ona görə yaradıla bilinmir ki, ambisiya məsələləri mane olur. Məsəl üçün hamı deməlidir, mən bu hərakatın sıravi bir əsgəriyəm və burda hər kəs ayrı-ayrılıqda rəhbərlik iddiasında olmamalıdır. Rəhbərlik iddiasını xalq özü seçməlidir. O vaxtkı hərakat ilə indikinin fərqi odur ki, o zaman Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycanda  olan bütün milli qüvvələr -tacirlər də, mülkədarlar da, mollalar da, fəhlələr də, kəndlilər də, ziyalılar da bir istiqamətə doğru yürüdülər. İndiki  şəraitdə də  o hədəfə doğru gedilir, ancaq, dağınıq, pərakəndə şəkildə gedilir. İndi milli qüvvələr qarşısında duran əsas vəzifə bu pərakəndəliyi aradan götürmək, milli vəhdəti təşkil etməyi bacarmaqdır.

– Sadaladığınız bu cəhətlər  çatışmayan çəhətlərdir, qane etməyən tərəfləridir, bəs qaneedici tərəfləri hansıdır?

– İndi insanların intellektual səviyyəsi, savad cəhəti, dünyagörüşü daha yüksəkdir…

“21 Azər” dövründəki şərait ilə  indikini müqayisə etmək doğru olmazdı. İndi insanların intellektual səviyyəsi, savad cəhəti, dünyagörüşü daha yüksəkdir. İndi rabitə kommunikasiyası inkişaf edib, telefon, kompyüter, internet var. O zamansa yalnız Təbriz radiosu var idi, o da Milli Hökümətin qurulmasından xeyli sonra mümkün olmuşdu. İndiki dövrdə geniş imkanlar var. İntellekt baxımına gəlincə də indiki ilə o dövrü müqayisə etmək  böyük fərq yaradır. Bu da təbiidir, o vaxtdan indiyə 70 ilik bir zamanın irəliləyən inkişafı var ortada.

– Sizcə  son 100 ilin əsarət tarixində  Güney Azərbaycanda bu günə kimi baş vermiş inqilabi hərakatların məğlubiyyətlə nəticənlənməsinin, qurulan milli hökümətlərin  süqut etməsinin əsas səbəbləri hansılardır. 

– Güney Azərbaycandakı  milli hərakat çox  böyük düşmənlə üzbəüzdür…

Başlıca səbəb ondan ibarətdir ki, Güney Azərbaycandakı  milli hərakat çox  böyük düşmənlə üzbəüzdür. Bu güclü düşmənə qaib gəlmək üçün hər şeydən əvvəl ilk növbədə öz daxilimizdə vəhdət yaranmalıdır. İkincisi  milli oyanış elə olmalıdır ki, səhərisi gün kimsə deməsin ki, məsəl üçün mənim ana dilim fars dilidir və yaxud deməsin ki, məsələn mən farsam. Milli oyanış belə olmalıdır ki, xalq milli kimliyini  hiss eləsin. Əgər milli kimliyini hiss eləmirsə, milli varlığına  biganədirsə, uğur olmayacaq. Və əsas səbəblərdən biri də odur ki, güclü qüvvə ilə  fars şovinizmi ilə üzbəüzdür. Və bu şovinizminin qarşısında bizdə milli oyanış zəifdir, vəhdət zəifdir. Əgər bir yumruq kimi birləşsək, onun qarşısında dursaq , hə onda səninlə hesablaşacaqlar.

– Yalnız İrandakı hakim fars rejimimi? Həm də “güclü düşmən” dediyiniz  böyük dünya gücləri deyilmi ki, Türklərin bu coğrafiyada yenidən önə çıxmasını  elə fars amilinin özüylə tənzimləyirlər. Bu haqda fikriniz, münasibətiniz necədir?

– Şovinist qüvvələrin idarə etdiyi İran dövlətİ ilə  Amerikanın, qərb dövlətlərinin münasibəti gərgindir. Yəni, onlar onu dəstəkləməzlər…

İndiki  tarixi şərait milli qüvvələrin dirçəlişi nəzərindən, öz dövlətini yaratmaq nöqteyi nəzərindən İran inqilabından əvvəlki dövrə nisbətən fərqlidir. Niyə? Fərqlidir ona görə ki, Şahın arxasında Amerika, İngiltərə dururdu, onlar onu dəstəkləyirdi. Ancaq , indiki şəraitdə  İran rejimi ilə həmin dövlətlər arasında münasibətlər çox pisdir, həddindən artıq pisdir. Yəni, gərgindir. Yəni İran o şovinist qüvvələrin arxasında duran ancaq elə İran rejiminin özüdür, kənar deyil. Ona görə də indiki tarixi şərait daha münasibdir Azərbaycan milli qüvvələri üçün. Nəyə görə münasibdir, səbəbi var. Birincisi budur ki, şovinist qüvvələrin idarə etdiyi İran dövlətilə  Amerikanın, qərb dövlətlərinin münasibəti gərgindir. Yəni, onlar onu dəstəkləməzlər. İkinci ən mühümü – Güney Azərbaycanda hərakat ona görə daha böyük şansa malikdir ki, bunun şimalında Azərbaycanlıların müstəqil dövləti Azərbaycan Respublikası yaranıb, bu respublikanın varlığı Güney  üçün ilham və dayaqdı.  Ücüncü cəhət milli oyanış indi cox güclüdür, nəhayət tarix  elə gətirb ki, xalq artıq başa düşür ki, o əsarətdə olub, onun öz böyük keçmişi olubdur. İndi burda  bir məsələni də bilməliyik ki,  biz aydınların, siz jurnalistlərin, informasiya qurumlarının vəzifəsi ondan ibarətdir ki,  hamımız öz qələmimizlə milli oyanışa kömək edək, öz zehnimizlə, öz mütailəmizlə, araşdırmalarımızla  milli oyanışı sürətləndirək. Əgər milli oyanış olmasa, milli qüvvələrin səfərbərliyi olmasa, o qələbə mümkün olmayacaq. Ona görə də bu milli oyanışda milli qüvvələri səfərbər etmək çox mühüm bir məsələ kimi qarşıda durur.

Söhbətləşdi: Gülşən Məmmədoğlu
Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Müşaviri

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture