/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » “21 Azər”ə həsr edilmiş fotoalbom işıq üzü gördü

“21 Azər”ə həsr edilmiş fotoalbom işıq üzü gördü

Oğuz TV: Məlum olduğu kimi, XX əsrin ortalarında (1945-1946-cı illər) Cənubi Azərbaycanda milli-azadlıq ideyalarının formalaşmasında “21 Azər” hərəkatının böyük əhəmiyyəti olmuşdur. 

Belə ki, bu hərəkat öz ətrafında milli, vətənpərvər təfəkkürlü şəxsiyyətləri, qəlbində Azərbaycan sevdası yaşayan insanları birləşdirmişdir. Həmin hərəkata öz imzasını qoymuş insanların fəaliyyətini araşdırarkən onların çətin bir siyasi rejimə qarşı qətiyyətlə mübarizə apardıqlarının şahidi oluruq.

“21 Azər” hərəkatı əzilən, milli və iqtisadi zülmə, istismara və xarici dövlətlərin soyğunçuluq siyasətinə məruz qalan xalqlar üçün mübarizə yollarını, azadlığı əldə etməyin taktikasını, milli dövlətin qurulması və müdafiə edilməsi üsullarını göstərdi. Uzun illər regionda bu yolda çarpışan və mübarizə aparan demokratik və milli qüvvələr üçün örnək və məktəb oldu.

Güney Azərbaycandakı milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Аzərbаycаn Milli Məclisi хаlqın аzаdlığını qоrumаq üçün Аzərbаycаn Milli Hökumətinə geniş səlаhiyyət vеrdi.

Artıq 70 il keçməsinə baxmayaraq, “21 Azər” hərəkatı öz siyasi-tarixi əhəmiyyətini bu gün də qorumaqdadır. Ümummilli liderimiz H.Əliyev tariximizin dərindən öyrənilməsini tövsiyə edərək demişdir ki, “Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, – nə cür olur-olsun.”

“21 Azər” hərəkatı nəticəsində Cənubi Azərbaycanda yaradılmış Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəri isə öz nitqlərində deyirdi: “Qoy bizim vücuda gətirməkdə olduğumuz milli dövlətin tarixini tarixçilər kağız üzərinə gətirsinlər. Biz o tarixi yaratmağa daha artıq diqqət etməliyik… Bir zaman gələcək ki, xalq böyük hərəkatı öyrənmək istəyəcəkdir. O vaxt tarixə müraciət edəcək… Bu cəhətdən tarixə ciddi surətdə diqqət etmək, əldə olan sənəd və mədarikləri toplayıb gələcək nəsil üçün saxlamaq lüzumu meydana çıxır”.

Hərəkata həsr olunmuş elmi və publisistik əsərlərin yazılması gənc nəslin milli ruhda tərbiyə olunmasında əvəzsiz rola malikdir.

Belə araşdırmalardan biri də haqqında söhbət açacağımız “21 Azər hərəkatı-70” adlı fotoalbomdur.

Fotoalbom AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə tərəfindən hazırlanaraq tərtib edilmişdir. Fotoalbomun elmi redaktoru AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli (Bije), elmi məsləhətçisi isə AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, filologiya elmləri doktoru Gövhər Baxşəliyevadır.

Şərhlərlə təqdim olunan bu albom  “21 Azər” hərəkatında şəhid olmuş insanların müqəddəs ruhlarına ithaf  olunur. 

“21 Azər-70” fotoalbomunun I bölməsi “Xalq azadlıq hərəkatının qələbəsi uğrunda mübarizə” adlanır.

Bu bölmədə Аzərbаycаn fədаiləri tərəfindən kəndlərin, qəsəbələrin və şəhərlərin İran hökumətinin qоşun, jаndаrm və pоlis qüvvələrindən аzаd edilməsi öz əksini tapmışdır. Bölmədə verilmiş fotolar həmin qəhrəmanlara həsr olunmuşdur.

Belə fədailərimizdən Zəncan cəbhəsinin komandiri Qulamyəhya Daneşyan, Həsən Nəzəri, Məmiqulu Sadiqi, Əli Şəmidə, Qulupur Yədulla, mayor Məhəmmədəli Ramtinvə Kərimi İsmail və başqaları göstərilmişdir. Onlar cəbhədə aparılan döyüşün planını müzakirə edirlər. Bundan əlavə, Təbriz, Urmiya, Xalxal, Miyana, Ərdəbil, Astara və digər şəhərlərdə təşkil olunmuş fədai dəstələrinin fəaliyyətləri haqqında da informasiyalar verilmişdir.

II bölmə “Azərbaycan Milli Hökumətinin qurulmasında fəal iştirak etmiş fədailər” adlanır. Bölmədə Sərabda fədai başçısı Polkovnik Qulamrza Cavidan, Miyandoabda fədai başçısı Polkovnik Qulu Sübhi, Miyanada fədai başçısı Polkovnik Mahmud Qazi, Ərdəbildə fədai başçısı Bayramzadə Zülfəli, Əli Nəvai, Behzadi Babaş Böyükağa,  Xalxalda fədai başçısı Mir Heydər Əzizi, Biləsuvarda fədai başçısı Rai Salman, Astarada qadınlar təşkilatının sədri, 1945-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkatın fəal iştirakçısı İrəc xanım İbrahimi, fədai İsmayıl Bije və s. haqqında məlumatlar yer almışdır. Bu fədailərin keçdiyi həyat yolu, apardıqları mübarizə və Milli Hökumətin qurulmasında yaxından iştirak etdikləri göstərilmişdir.

III bölmə “Azərbaycan Milli Hökumətinin bərqərar edilməsi, müdаfiəsi və möhkəmləndirilməsi”adlanır.

Bu bölmə Azərbaycan Milli Hökuməti qurulduqdan sonra ölkədə aparılmış milli-mədəni quruculuq işləri haqqındadır. Azərbaycan Xalq Konqresinin nümayənələri, 1946-cı il Azərbaycandakı demokratik islahatları müdafiə edən Təbriz əhalisinin dinc nümayişi, “21 Azər” hərəkatında cavanlar təşkilatı üzvlərinin küçə nümayişindən fraqmentlər əks olunmuşdur.

Diqqəti cəlb edən məqamlardan biri də o dövrdə Bütün dünya fəhlə və zəhmətkeşlər ittifaqlarının Mərkəzi Komitəsinin baş katibi Lui Sayanın Təbrizdə Azərbaycan fəhlə və zəhmətkeşləri ilə görüşü olmuşdur. Habelə, Azərbaycan Milli Hökumətinin tərkibi də fotoalbomda bu cür verilmişdir: Baş nazir-S.C.Pişəvəri, Daxili İşlər naziri-S.Cavid, Xalq Qoşunları naziri-Cəfər Kavyan, Fəlahət (kənd təsərrüfatı) naziri-Məhtaş, Maarif naziri-M.Biriya, Səhiyyə naziri-Ourəngi (Övrəngi), Maliyyə naziri-Q.İlhami, Ədliyə naziri-Yusif Əzimi, Yol, poçt, teleqraf və telefon naziri-Mirzə Rəbi Kəbiri, Ticarət və iqtisadiyyat naziri-Rza Rəsuli, İş və əmək nazi təyin olunana kimi o işlərə baş nazir S.C.Pişəvəri özü nəzarət etmişdir, Ali Məhkəmənin sədri-Zeynalabdin Qiyami, Baş prokuror-Firidun İbrahimi. Milli Hökumətin yaşaması və mökəmlənməsi üçün ən vacib atributlardan biri də ordudur. Məhz bu səbəbə görə ordu quruculuğu sahəsində uğurlu addımlar atılmışdır. General Mahmud Pənahiyan, Polkovnik Qulamrza Cavidan, Şah qoşunlarında xidmət etmiş, AMH yarandıqdan sonra ona köməyə gəlmiş azərbaycanlı zabitlərdən bir qrupu, Rəhim Rəhnəmayan, Nəsiri-Azərbaycan milli ordusunun kapitanı, Cəfər Müciri-milli ordunun kapitanı, Marağa briqadasının hərbi müddəil-ümumisi, Böyükağa Saleki Tağızadə, Heydər Rəhnamayan – milli ordunun zabiti, Əhməd  Əminzadə-milli ordunun kapitanı, Hacı Məhəmməd Dibazər, Əkbər Həmidi, Bəhram Daneş, Yusif Murtuzəvi, Əhmədəli Rəsədi, Hüseyn Fərruxiyan, Kavə, Əbdülhəsən Təftişiyan, Qaffariyan, Rza Qazi, Əlimurad Rəzmavər, Həsən Nəzəri və digər zabitlər ordunun qurulması və yeni texnika ilə təmin olunmasında fəal rol oynamışlar.

IV bölmə “Azərbaycan demokrat firqəsinin fəalları”na həsr edilmişdir.

Fotoalbomun bu hissəsində Bakıda ali təhsil alan Firqə fəallarından bir qrupu, Səməd Afiyət (geoloq), Məhəmmədrza Afiyət (yazıçı-jurnalist), Mahmud Bəhrami (cərrah-həkim), Hüseyn Əlborzi (tarixçi alim), İranduxt İbrahimi (tarixçi-alim), Tağı Şahin (tarixçi-alim), Əbdülhəsən Rəhmani (tarixçi-alim), Qafar Kəndli (filoloq),  kimi elm xadimləri təsvir edilmişdir.

V bölmə Аzərbаycаn Milli hökumətinin dеmоkrаtik islаhаtlаr prоqrаmının həyаtа kеçirilməsi, Аzərbаycаn Хаlq hаkimiyyətinin mаhiyyəti, İranın dеmоkrаtikləşdirilməsi uğrundа mübаrizəyə aiddir.

Fotoalbomda yer alan ən maraqlı faktlardan biri isə Milli Hökumət tərəfindən “Səttarxan” ordeni və “21 Azər” medalının əksləridir. Bu mükafatlar AMH tərəfindən təsis edilmiş və “Səttarxan” ordeni ilə 10 nəfər, “21 Azər” medalıyla isə 20 min nəfər təltif olunmuşdur.

Həmçinin, Milli Hökumət dövründə dayanmış fabriklərin işə salnmasından bir görüntü, Azərbaycan Milli Hökumətinin qərarı ilə torpaqların kəndlilər arasında bölünməsi, Azərbaycan Milli Hökumətinin pul vahidi, Cənubi Azərbaycanda nəşr edilmiş “Azərbaycan, “Azad millət”, “Şərq”, “Urmiya”, “Ədəbiyyat səhifəsi”, “Yumruq”, “Xavəri nou”  qəzetləri, ana dilində dilində işıq üzü görmüş nəşrlər, Seyfəddin Abbasov, Qılman İlkin, İsrafil Nəzərov, Mirrəhim Vilayi, Əli Fitrət, Məhəmməd Biriya, Mirzə İbrahimov, Rza Quliyev, şair Mir Mehdi Etimad, Səttarxanın mücahidlərindən Samsam, Cəfər Xəndan, Əvəz Sadıqov kimi Cənubi Azərbaycan şair və yazıçıları da bu albomda əks olunmuşdur.

Lakin bir il yaşadıqdan sonra Azərbaycan Milli Hökuməti təəssüflər olsun ki, xarici müdaxiləçilərin təhriki və İran şovinist rejimi tərəfindən işğal edilir.

Bu dövrdə baş verən ictimai-siyasi proseslər foto albomun VI bölməsində yer alaraq “İran dövlətinin Аzərbаycаn хаlq hаkimiyyəti  üzərinə hücumu, Azərbaycan Milli Hökumətinin məğlubiyyəti, nəticələr” adı ilə verilmişdir.

Bölmədə yer alan sənədlər içərisində Sоvet dövlətinin başçısı İ.V.Stalinin Azərbaycan Demokrat Firqəsinin lideri Seyid Səfər Pişəvəriyə şəxsi məktubu (Rusiya Federasiyası Xarici Siyasət Arxivi), Azərbaycan Milli Hökuməti və Qəvamüssəltənə dövləti arasında razılaşdırılmış müqavilənin mətni, M.C.Bağırоvun Ümumittifaq Kommunist (bоlşeviklər) partiyasinin Mərkəzi Kоmitəsinə məktubu, Azərbaycan Milli Hökuməti rəhbərlərinin Sovet dövlətinə 8 dekabr 1946-cı il tarixli məktubu, Seyid Cəfər Pişəvərinin general Qulam Yəhya Danişyana teleqramı (10.12.1946) kimi sənədlər haqqında da məlumatlar verilmişdir.

Rza şah Pəhləvinin mürtəce siyasəti nəticəsində Cənubi Azərbaycan işğal edilmiş, əhaliyə ağır işgəncələr verilmişdir. Nəticədə 20 mindən artıq insan vəhşicəsinə qətlə yetirilmişdir. Bu faktları fransız qəzetləri belə öz gündəliklərində qeyd etmişdilər. Albomda Cənubi Azərbaycandakı 1946-cı il soyqırımını əks etdirən müxtəlif şəkillər əyani olaraq təsvir edilmişdir.

VII bölmədə isə Öz ideyaları və baxışları uğrunda canlarını qurban vermiş Azərbaycan Milli Hökumətinin qəhrəmanlarından bir qrupunun adları xronoloji baxımdan verilmişdir.

Sonda isə fikrimi bitirərək bu milli mücadilədə şəhid olmuş bütün insanlara Allahdan rəhmət diləyir və onların əziz ruhu qarşısında baş əyirəm. Seyid Cəfər Pişəvərinin bir fikrini isə daim yadımızdan çıxarmayaq: “Əgər Tehran xarici imperialistlərin göstərişi və köməyi ilə bizim hərəkatı məğlub etməyə müvəffəq olsa belə, xalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcəkdir. Tez-gec azərbaycanlılar öz istiqlaliyyətini alacaq, öz müqəddəratını özü təyin edəcəkdir”.

Ramil Rüstəmov,

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Cənubi Azərbaycan” şöbəsinin elmi işçisi

Mənbə: strateq.az

Comments,Baxışınız
oguz gif telegram