/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Bu gün Gəncə qiyamının başlanmasının 98 illiyidir!
Bu gün Gəncə Üsyanının başlanmasının 98ci illiyidir!

Bu gün Gəncə qiyamının başlanmasının 98 illiyidir!

OğuzTV:Gəncə qiyamı -Bütöv  Azərbaycan tarixinin ən şanlı, ən qürurverici səhifələrindən biridir!Gəncə Üsyanı Millətimizin bir Qəhrəmalıq səlnaməsi, Xalqımız yazdığı Mərdlik və Əyilməzlik hekayəsidir!


98 il əvvəl, 1920-ci ilin məhz bu günü, yəni 24 May tarixində üçrəngli müqəddəs bayrağımız Azərbaycan səmasında yenidən yüksəldilərək iyun ayının 3-nə kimi şərəflə dalğalandı!

Bildiyimiz kimi, 1920-ci ilin aprel ayında Rusiya XI Qızıl Ordusunun gücü və yerli bolşeviklərin vasitəçiliyi ilə Azərbaycan ərazisini zəbt etdi. Bununla 23 aylıq, gənc Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.

İşğalın asan, demək olar ki müqavimətsiz ötüşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var idi. Bu səbəblər və faktorlar toplusu, o cümlədən işğalın geosiyasi aspektləri haqda fikirlərimizi növbəti yazılarda mütləq bölüşəcəyik.İndi isə keçək birbaşa Gəncə Üsyanının özünə, daha doğrusu hələlik onun baş vermə səbəblərinə.

Bolşevik işğalından sonra Azərbaycanın bütün bölgələrində çox ağır bir vəziyyət yaranmışdı. Ölkədə terror tüğyan edirdi, bolşevik ordusunun özbaşınalığı, təhqir və talanı baş alıb gedirdi.
Günahsız insanlar sorğusuz-sualsız güllələnir, millətimizin qaymağını təşkil edən aydınlar – ictimai, siyasi, dini xadimlər planlı şəkildə məhv edilirdi. Əhalinin mülkiyyəti və varı-yoxu bəy, xan, mülkədar, müsavatçı adı ilə müsadirə edilir, müqəddəs yerlər və milli duyğular aşağılanırdı.

Gəncədə ən görkəmli şəxsiyyətlər gəncəlilərin sevimlisi, şəhərin general-qubernatoru “Xudu Bəy” – Xudadat bəy Rəfibəylinin, İsmayıl xan Ziyadxanovun, Məmmədbağır Şeyxzamanlının həbs olunaraq güllələnməsi, Nəsib bəy Yusifbəylinin müəmmalı şəkildə yoxa çıxması, digər əslən Gəncədən olan ictimai-siyasi xadimlərin – Həsən bəy Ağayevin, Xəlil Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı bəy Şeyxzamanlının və başqalarının ölüm təhdidi ilə vətəndən iraq salınması və digər tükürpədici olaylar, axır nəticə olaraq millətimizin haqlı hiqqətinə səbəb oldu və bütün Gəncə işğalçılara qarşı Xalq Üsyanına qalxdı. Beləliklə, tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Gəncə Üsyanı başladı!

Gəncə Üsyanı 1920-ci il mayın 24-ndə başladı.
Üsyanı təşkilində və idarə olunmasında general-mayor Mirzə Qacar, polkovnik Cahangir Kazım bəy, general Cavad bəy Şıxlinski, general Teymur bəy Novruzov, Bağırbəy Rəfibəyli, Qaçaq Qəmbər, Sarı Ələkbər, Hacı Əsgər oğlu Məhəmmədəli, Tatoğlu Həsən, Hüsamətdin Tuğac və başqa mərd babalarımız idarə edirdilər. Mayın 22-də Bağman məscidində Üsyanın rəhbərləri, öz partizan dəstələri ilə ayağa qalxacaq Sarı Ələkbər və Qaçaq Qəmbər, eləcə də Milli Ordunun tabor və bölük komandirləri birgə müşavirə keçirdilər və ümumi əməliyyat planını dəqiqləşdirdilər.

Mayın 24-ü, axşam saat 8-də tam döyüş gücü ilə hücuma keçən taborlar sürətli həmlə ilə öncədən müəyyənləşdirilən yerləri tutdular və öz öhdələrinə düşən tapşırıqlarını gerçəkləşdirməyə başladılar.
İlk atəş səslərini eşidincə, əlinə nə gəldi silahlanan Gəncənin demək olar ki, bütün kişi əhalisi küçələrə axışdı!

Onların əsas qismi Qırmızı Ordu hissələri ilə döyüşə girən partizan dəstələrinin köməyinə tələsdi, bir qismi də kiçik bolşevik hissələrin komanda heyətini tərksilah etdi.

Sıralarına minlərlə adi gəncəlinin də qoşulduğu Qaçaq Qəmbərin və Sarı Ələkbərin partizan dəstələri Bağman tərəfdən hücuma başlayaraq, Gəncə çayını keçib, ermənilər yaşayan hissədə yerləşən Qırmızı Ordu bölüyünü tamamilə darmadağın etdilər!

Artıq axşam saat 11-də, demək olar, tam komanda heyəti və artilleriyası ilə birgə bütün Qırmızı Diviziya və bolşeviklərin “milli” başıpozuq-avantüristlərdəntəşkil etdiyi «Şəriət Alayı» tərksilah olundu və 3000-dən artıq bolşevik şəhər həbsxanasına salındı.

Beləliklə, mayın 24-dü gecə Gəncə tam olaraq üsyançıların əlinə keçdi! Bundan sonra neçə gün şəhər ətrafında irili-xırdalı bir çox qanlı toqquşmalar baş verdi və bolşeviklər hər dəfə məğlubiyətə uğradılar.

Beləcə, qürurverici bir gün gəldi!

28 May İstiqlal Bayramında üç rəngli bayrağımizı Azərbaycan səmasında yenidən dalğalandıran yenə də Gəncə oldu !

Üsyanın rəhbərlərindən biri polkovnik Cahangir Kazım bəy bu gün haqda görün nə yazır, çox təsirlidir:

“Ağlagəlməz dərəcədə gözəl bir 28 may gəlmişdi!

Elə bil, ana təbiət də bu gündən dolayı sevinir və bərabər olmayan döyüşdə əldən düşən üsyançı xalqa təskinlik verirdi…

Həmin gün Azərbaycanın İstiqlalı münasibətilə Dairə Məhkəməsinin binasında axşam saat 8-də Şeyxülislam başda olmaqla ən hörmətli şəxslər toplaşmışdı. Ümumi durumla tanışlıqdan sonra, demək olar ki, toplaşanların hər biri öz fikrini söylədi.

Hamı sonacan mübarizəyə səsləyirdi. Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın!

Qoy 28 may günü Vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun, mənəvi qələbəmizin rəmzinə çevrilsin!..”

Müzadil Zauroğlu.

Comments,Baxışınız
oguz gif telegram