/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Pişəvəridən BMT və böyük dövlətlərə iki önəmli məktub

Pişəvəridən BMT və böyük dövlətlərə iki önəmli məktub

OğuzTV:1945-1946 ci ildə Güney Azərbaycanda qurulan, milli cümhüriyətin baş naziri S.C.Pişəvəri, Azərbaycanda ,türk millətinin milli iradəsiilə qurulan Azərbaycan milli hakmiyətini dünyaya tanıtmaq və qəbulandırmaq üçün ,yeni yaranmış BMT-yə və eləcədə böyük və güclü dövlətlərə məktüb yazaraq muraciət edir.

 

BÖYÜK DÖVLƏTLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN LONDONDAKI TOPLANTISINA Məktub
(Təbriz, 23 sentyabr 1945-ci il)

“Əgər Tehran xarici imperialistlərin göstərişi və köməyi ilə bizim hərəkatı məğlub etməyə müvəffəq olsa belə, xalqımızın haqqını əbədi olaraq qəsb edə bilməyəcək. Tez-gec Azərbaycan öz istiqlaliyyətini alacaq, öz müqəddəratını özü təyin edəcək”.
S.C.Pişəvəri

AmerikaXarici İşlər naziri cənab Brenesə, İngiltərə Xarici İşlər naziri cənab Büvenə, Sovet İttifaqı Xarici İşlər naziri cənab Molotova, Fransa Xarici İşlər naziri cənab Bidaya, Çin Xarici İşlər naziri cənab Vangiyə.
Böyük demokratik dövlətlər qanlı faşist üsul-idarəsini məhv etdikdən sonra dünyanın çox məmləkətləri adilanə demokratik üsul-idarəsi yaradıb. Qabaqlar da zülm altında əzilən cahanın çoxlu qövm və millətləri tarixi Atlantik Xartiyasına müvafiq olaraq öz müqəddəratlarını təyin etməyə başlayıb.

Hər xalq öz milli mədəniyyətini, iqtisadiyyatını və güzəranını qaldırmaq üçün demokrasi rejimin nemətlərindən istifadə etmək istəyir. Mütəəssüfanə İranda günbəgün diktatorluq təhlükəsi artmaqda və faşist ünsürləri Rza şahın mənhus hakimiyyətindən sonra əldə edilən natamam azadlığı belə boğmaq üçün hər cür fitnələrə əl atmaqdadır. Həm əyalətlərdə və həm də paytaxtda azadxahlar təqib olunur. Demokratik hərəkatı təmsil edən ruznamələr (qəzetlər) və cəmiyyətlər silah gücü ilə dağıdılır.

İrtica qüvvələri təzədən sabiq Rza şahın istibdad rejimini istəmək üçün namuslu azadxahlarının qanını tökməkdən çəkinmirlər.
İranda beş milyon nüfuza malik olan biz Azərbaycanlıların vəziyyəti daha təhəmmül edilməzdir. Azərbaycan milləti uzun illərdən bəri İrandakı azadlıq nehzətinin ələmdarı olmağına baxmayaraq öz torpaqlarında fəqir və biçarəlik halında, hər cür hüquqdan məhrum halda yaşamaqdadır. İranda bu vaxta qədər ağalıq edən irtica hakimiyyəti nəticəsində Azərbaycan milləti öz milli mədəniyyəti tərəqqisinə çalışmaq, xaraba şəhərlərini abadlaşdırmaq və xalqın fəlahət (kənd təsərrüfatı) behdaşt (səhiyyə) və sair ehtiyaclarını rəf etmək və hətta öz uşaqlarını ana dilində belə oxutmaq üçün heç haqq və ixtiyara malik deyil. Dünyanın qədim xalqı olan və minillər ərzində böyük mədəniyyət və sənət əsərləri yaratmış Azərbaycan xalqı indi istibdad və diktatorluğun aradan götürülməyə başlandığı bir zamanda öz hüquqlarını tələb edib və bu müqəddəs yolda mübarizəyə qalxıb.
Biz azərbaycanlılar Atlantik Xartiyasında göstərilən hər bir millətin öz müqəddəratını özü təyin etmək əqidəsinə dərin bir iman bəslədiyimizi və bu acı vəziyyətimizi böyük mütəffiq dövlətlərin təşkil verdiyi Vəzirlər Şurasına yetiririk. Biz bütün İranda həqiqi demokrasi üsulun bərpasının və Azərbaycan xalqına daxili azadlıq və muxtariyyat verilməsini, ümum məmləkətin adilanə qanunlarını gözləməklə bərabər, Azərbaycanın öz taleyini özü təyin etməsini istəyirik. Biz böyük mütəffiq demokrasi dövlətlərin xalqımızın bu tarixi və adilanə tələbində bizə kömək etmələrini, beş milyondan artıq Azərbaycan xalqı adından tələb edirik. Azərbaycan xalqı əmindir ki, bütün millətlərə və qövmlərə milli azadlıq və xilaskarlıq vəd etmiş böyük müttəfiq demokrasi dövlətlər bizim də tələbimizi və təbii haqqımızı nəzərdə tutacaq və öz köməklərini bizdən əsirgəməyəcəklər.

(Azərbaycan xalqı adından müraciəti 1500 nəfərdən çox xalq elçisi imzalamışdı).

«Qızıl səhifələr», Təbriz, 1324-cü il, s. 62-64.

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN BAŞÇISI S.C.PİŞƏVƏRİNİN BMT(Birləşmiş millətlər təşkilati  ) BAŞ ASSAMBLEYASINA M Ü R A C İ Ə T İ

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə mahkdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilib. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəsini dayandırmadı.

Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətiərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin, Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi.
Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb. 5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcək.

Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir. Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır. BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfındən müəyyənləşdirilməsinə təminat verilsin.

S.C.Pişəvəri,
Azərbaycan Milli hökumətinin başçısı
28 yanvar, 1946-cı il.

Comments,Baxışınız
oguz gif telegram