/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Qobustandan Sumerə uzanan yol

Qobustandan Sumerə uzanan yol

Oğuz tv:İslama qədərki Türklərin, o cümlədən iskitlərin ayrılmaz atributlarından biri də kurqanlardır. Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə, türklərin öz ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmişlər. Eyni hal qədim şumer mədəniyyətinə də xasdır. Maraqlıdır ki, yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir. Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir. Maraqlıdır ki, sözügedən abidə özündə protoşumer mədəniyyəti ilə anoaloji mədəniyyətin izlərini daşımaqdadır.

Mövzu ilə bağlı tarixçi alim Nəcəf Müseyibli yazır ki, XX əsrin 80-ci illərində Azərbaycanda, Ağdam rayonu ərazisində, aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən, buradan digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi. Buradan tapılan, dulus çarxında hazırlanmış yüksək keyfiyyətli qablar Mesopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi. Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə, Şomutəpə və Abdal Əziztəpə abidələrdən də üzə çıxarıldı.

Alimin sözlərinə görə, Leylatəpə və digər analoji abidələrin tədqiqi nəticəsində Güney Qafqaz üçün yeni mərhələ olan və Son Eneolit dövrünə uyğun gələn mədəniyyət ortaya çıxmış oldu. XX əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüstan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi. 2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca aparılan arxeoloji qazıntılar zamanı Ağstafa rayonu ərazisində daha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq edildi. Bu, sözügedən marşrutun 409-cu kilometrindəki Poylu 1 və Poylu 2, eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1 və Böyükkəsik 2 qədim məskənləri idi: «Bu dövrə qədər bütün Güney Qafqaz, o cümlədən Azərbaycan ərazisində Eneolit dövrünə aid xüsusi məzar yerlərinə rast gəlinməmişdi. Tapılmış bütün məzarlar yaşayış yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində idi. Yəni Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar”.

Nəcəf Müseyiblinin bildirdiyinə görə, son eneolit dövrünə aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir. Biz bu kurqanları 2004 -cü ildə, neft və qaz kəmərlərinin 432-ci kilometrində, Ağstafa rayonu ərazisində, Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik. Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur. Onların sayı otuza qədərdir: “Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil, eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklərlə bağlı olmuşdur.”

Tarixçi alim Q.Qoşqarlı yazır ki, “2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və məzar yeri tədqiq edilmişdir. 2002-2003-cü illərdən fərqli olaraq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik mədəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı. Sözügedən marşrut üzrə aparılan qazıntılar zamanı tapılan xronoloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə aid məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1, Böyük Kəsik 2, Poylu 1, Poylu 2 və Ağılı Dərədən üzə çıxmışdır. Bunların içərisində daha geniş tədqiqatlar Böyük Kəsik 1 ərazisində aparılmışdır.

Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təşkil edən mədəni qata sahib olduğu məlum idi. Fəqət yeni qazıntılar buradakı Əl-Übüeyd və erkən Uruk mədəniyyəti ilə eyni olan mədəni təbəqələr barədəki biliklərimizi daha da artırmış oldu.”

Tarixçi alim F.Quliyev isə yazır ki, “Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində 1,5 kilometr aralıda 60-70 metr radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır. Bu qalıntılar yer səthindən 80 santimetr aşağıda yerləşən mədəni təbəqədən aşkar edilmişdir. Tapılan keramika nümunələri bir neçə tipə bölünür. Onlar küp, nimçə, su qabı və müxtəlif qablardır. Buradakı keramika ilə Uruk keramikası arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir”.

Məlumat üçün bildirək ki, “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət qədim Mesopatamiyanın, yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat cayları arasında Nuh tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Mesopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın – şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır. Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer, yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu, ikincinin birincisinin üzərində ucaldığını söyləyirlər. Fəqət Mesopatamiya ərazisində bu iki mədəniyyəti bir-birindən Nuh tufanının nəticəsi olan qədim lil qatı ayırır. Azərbaycanda isə bu iki mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir. Bu isə şumer mədəniyyətinin Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut edir.

Məlumat üçün bildirək ki, şumerlər Mesopatamiyanın, yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı idi. Onlar bu əraziyə kənardan gəlmişdilər. Belə hesab edilir ki, eramızdan əvvəl lV minilliyə aid edilən əl-Übeyd, eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdır.

Ayrı-ayrı alimlər şumerlərin Mesopatamiyaya, başqa sözlə, İkiçayarasına Anadoludan, Şərqi Qafqazdan, yəni Şimali Azərbaycandan, Cənubi Azərbaycandakı Urmiya gölü sahillərindən, eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri barədə fikirlər irəli sürmüşlər. Bu da təbiidir.Cünki alimlər həm Anadolu, həm Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.

Şumer mədəniyyətini ən görkəmli tədqiqatçılarından biri, tanınmış arxeoloq Samuel Kramer özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü, bunu eradan əvvəl lV minillikdə baş verdiyini yazmaqdadır.

Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təsvirlərini tədqiq etdikdən sonra şumerlərin Mesopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir. Nəsir Rzayev yazır ki, Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi, həm də Şimali Azərbaycanda rast gəlinir. Bu izlər qadim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının, etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır. Bu etnik yaxınlığın digər bir göstəricisi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir. Bu dil qohumluğu həm qədim, həm də uzun tarixi bir prosesin nəticəsidir. Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət, incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur: «1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış, eramızdan əvvəl lll minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər.”

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture