/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Türk Əfşarlar İmperiyası, Şiəlikdən İslam birliyinə, İrançılıqdan Turançılığa
Səfəvi xanədanını xilas, Nadir şaha sui-qəsd edən Raziyyə

Türk Əfşarlar İmperiyası, Şiəlikdən İslam birliyinə, İrançılıqdan Turançılığa

OğuzTV:Nadir şah Əfşarın Türk tarixində ən önəmli addımlarından biri “şiə-sünni” məzhəb düşmənçiliyini hər hansı bir yolla həll edərək Osmanlı və Əfşarlılar arasında birliyi hədəfləməsi idi. Doğrudur, günümüzdə Nadir şahın bu addımını müxtəlif yöndən dəyərləndirənlər var. Hətta, Nadir şahın bu xidmətini də “İran”ın, buna parelel olaraq da farsların adına yazanlar da az deyildir. Guya, Nadir şah məzhəb davasını aradan qaldırmaqla “İran milli dövləti”ni düşünmüşdür.

Maraqlıdır ki, hətta Səfəvilərin Qızılbaşlıq ideologiyasını da “İran milli ideyası” kimi qələmə verib, Səfəviləri “İran milli dövləti” adlandıranlar da vardır. Şübhəsiz, “İran milli ideyası”yla Səfəvilərin qızılbaşlıq ideyası arasında nə qədər bağlılığın ya da uzaqlığın olması məsələsi birmənalı deyildir. Ancaq bir şey həqiqətdir ki, son zamanlara qədər Səfəvi qızılbaşlığı daha çox “İran milli ideyası” içində əridilməyə çalışılmışdır. Çox yazıqlar olsun ki, Səfəvi şiəliyinin-qızılbaşlığının “İran” bütünlüyündə əridilməsində, iranlılaşdırılmasında bu anlamda Azərbaycan milli ideyasından uzaq tutulmasında “sapı özümüzdən olan baltaların” (Ə.Kəsrəvi, S.H.Tağızadə vəb.) da “əməyi” az olmamışdır.

Bütün hallarda hesab edirik ki, Səfəvilərin şiəlik-qızılbaşlıq ideyası yaxşısı və pisiylə ilk növbədə Türklüyə, Turana daha sonra farsdillilərə və İrana aid ola bilər. Hər halda Nadir şah Əfşar da “sünni-şiə” məsələsinin həllini hədəfləyərkən vaxtilə bu anlaşılmazlıqdan dolayı fars-türk arasında yaranmış ixtilafın deyil, türklə türk arasında yaranan ixtilafın aradan qaldırılmasını düşünmüşdür. Yəni Nadir şah Əfşar hesab edirdi ki, Səfəvilərin şiəliyi-qızılbaşlığı dövlət dini elan etməsiylə bundan daha çox zərərçəkənlər “İran” və “Rum”u idarə edən Oğuz-Türkmən boyları, bir sözlə türklər olmuşlar. Bunu, Nadir şah Sultan Mahmuda göndərdiyi bir məktubunda açıq şəkildə yazmışdır: “Amma Şah İsmayılın yeritdiyi ixtlafçılıq siyasəti nəticəsində keçmiş zamanlarda Türkman sultanlarına bağlı olmuş Azərbaycan məmləkətlərindən bəziləri ali Osman dövlətinin tərkibinə keçmişdir.

Buna görə izhar olunur ki, əgər islampənah padşahın təbiəti üçün çətin və dostluq adətlərinə müxalif deyilsə, o əlahəzrət həmin iki məmləkətdən birini bağışlamaq qaydası ilə bu tərəfin tabeliyində olan məmləkətlərin hövzəsinə qatsın. Biz o həzrətin həmin təklifləri rədd ya qəbul etmək haqqını tanıyırıq”.

Nadir Şah

Gördüyümüz kimi, Nadir şah Əfşarı düşündürən “İran milli dövləti” deyil, Türklərin idarə etdiyi iki dövlətdə “sünni-şiə” məzhəbçiliyini aradan qaldırmaq, dolayısıyla da İslam ümmətçiliyini bərqərar etməklə həmin dövlətlərin idarəediciləri olan Türk sülalələrinin məzhəb düşmənçiliyinə son qoymaq idi. Ancaq Nadir şah Əfşar Səfəvilərin xələfi kimi məzhəb məsələsi çözülmədən iki Türk dövləti arasında düşmənçiliyə son qoyulmasının mümkünsüzlüyünü də yaxşı bilirdi.

Bu mənada Nadir şahın nə istədiyini yaxşı anlayan Nəriman Nərimanov “Nadir şah” əsərində həmin dövrün tarixçisi Mirzə Mehdi xanın dilindən bunu çox yaxşı ifadə etmişdir: “İki məzhəbin birləşməyi həqiqət gözəl, bir fikirdir. Çünki ədavət bilmərrə aradan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər. Mollalara məvacib kəsmək də mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağlagəlməyən şeyləri və və aşkara millətin, vətənin dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər.

O gün (Nadir şah) mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət mən düşmənəm… Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər. Bəli, fikir etdikcə görürsən insafən ağlllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur”.

Deməli, Nadir şah Əfşarın iki məzəhəbi birləşdirməkdə əsas məqsədi iki millətin – Türk Osmanlıyla Türk Əfşarların qüvvətlənməsi idi. Bu mənada Nadir şah Əfşar birmənalı şəkildə Səfəvi qızılbaşlığını-şiəliyini dəstəkləmədiyini bəyan etmiş, bunun nəticəsi olaraq da Səfəvilərin taxtına çıxar-çıxmaz dini islahatlara başlamışdır. Bu, 1736-cı ildə keçirilən Muğan qurultayında da öz əksini tapmışdır. Nadir şah Muğan Qurultayındakı çıxışında dini islahatların aparılmasının vacibliyindən bəhs edərək demişdir: “Bundan sonra müsəlmanlar arasında nifaq və ikitirəlik olmamalıdır.

Şah İsmayil Səfəvi zamaninda yaranmış bu hal indi də davam etdirilir. Bu hala səbəb İran torpağında fitnə-fəsad yaradan məzhəb ayrılıqlarıdır. Nə qədər ki, bu pis hal ortadadir, fitnə və intriqa da bərqərardır”. A.A.Bakıxanov yazır ki, Nadir şahın Qurultayda irəli sürdüyü təkliflərdən sonra, “İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar çıxarıldı: bəzi məsələləri dəyişdirmək və şərəfli (dini) şəraiti sabitləşdirməklə, iki məzhəb – şiə və sünni məzhəbləri arasındakı ixtilafa nəhayət verilib İslam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul olunmadı”.

Əslində bu islahatlar ilk növbədə, Nadir şahın şəxsi iradəsinin nəticəsi idi. Nadir şah Əfşar gələcəkdə “sünni-şiə” probleminin Türk-İslam dünyasına, özəlliklə də Türk-İslam dünyasına vuracaq zərəri görür və bunu aradan qaldırmaq istəyirdi. Bu məqsədlə Nadir şah Sultanı Mahmuda yazdığı məktublarında məzhəb məsələsinə son qoyulmasının, bu anlamda cəfərliyin 5-ci təriqət kimi qəbul edilməsinin önəmlilyindən bəhs etmişdir. Nadir şah Sultan Mahmuda yazırdı ki, Səfəvilər dönəmində, özəlliklə Şah İsmayıldan sonra yanlış olaraq İslam dinində məzhəbçilik hisləri alovlanmış, bütövlükdə sünnətə əməl olunmamışdır.

1736-cı ildə Böyük Muğan Qurultayında Səfəvilərin müsəlman dünyasında ortaya atdığı şiəçilik məsələsinin aradan qaldırıldığını bildirən Nadir şah, artıq bütün xəlifələrin “İran”da qəbul edildiyini, sadəcə Osmanlının da Cəfərliyin sünnətin 5-ci qolu kimi tanınmasının vacibliyini yazmışdır. O açıq şəkildə bildirirdi ki, Osmanlı dövlətinin bəzi məmurları buna əngəl olsalar, həm qardaşlığa xəyanət etmiş olacaq, həm də Allahın dininin bütövlüyünə qarşı çıxdıqları üçün gec-tez cavab verməli olacaqlar.

Nadir Şah

Amma yazıqlar olsun ki, Nadir şahın bu iradəsinə Osmanlı dövləti müsbət cavab vermədi. Üstəlik, Nadir şah özü də Türk Birliyi – vahid Turan dövləti ideyasının qurbanı oldu. Nadir şahın Türk Birliyi ideyasının qurbanı olmasına bəlkə, ilk dəfə A.A.Bakıxanov toxunmuşdur. Ümumiyyətlə, çar Rusiyasının dövründə Bakıxanovun Nadir şaha verdiyi qiymətlə, Sovetlər Birliyi dönəminin və indi bəzi “Azərbaycan tarixçiləri”nin verdiyi qiymət arasında xeyli fərq vardır. SSRİ dönəminin, eyni zamanda indiki dövrdə bir çox “Azərbaycan tarixçi”ləri Nadir şahın bu böyük addımını daima görməzdən gəlmiş, onun bu böyük ideyasını əsasən yad etməkdən qaçmışlar.

Ancaq Bakıxanov “Nadir həzrətləri” adlandırdığı Əfşarlar sülaləsinin qurucusunu böyük hörmətlə anmış, onun süquta uğramış Səfəvilərin davamçısı kimi uğurlarını təqdir etmiş, ən vacibi Nadir şahın Türkiyə və Azərbaycan-Turan əhalisi arasında geniş yayılmış sünni-şiə məzhəb davasının aradan qaldırması cəhdini müsbət dəyərləndirmişdir.

Bu baxımdan “sünni-şiə” məsələsi ortada olduğu bir dövrdə Bakıxanovun Nadir şahla oğlu Rzaqulu xan arasında keçən olayları təsadüfi olmadığına işarə etməsi də diqqətimizi çəkir. O yazır ki, Nadir şahın məhz bu ideyasından sonra ona oğlu Rzaqulu xan tərəfindən sui-qəsd təşkil edildi. Şübhəsiz, Rzaqulu xan özü də atası kimi bu məsələnin qurban oldu. Əslində Nadir şah Əfşara sui-qəsd təşkil edənlər zahirən doğmaları, amma əslində şiə ruhaniləri və onların havadarları idilər.

Onlar Nadir şahın ətrafındakı bəzi xanları da inandıra bilmişdilər ki, Nadir şahın şiəçilk məzhəbini aradan qaldırmaq istəyi “İran” üçün çox zərərlidir. Şiəçiliyin aradan qaldırılmasını “İran dövləti”nin sonu kimi qələmə verən İran etnik ünsürləri və havadarları əslində öz vəziyyətlərini, daha çox da milli gələcəklərini düşünürdülər. Onlar yaxşı anlayırdılar ki, əgər Nadir şahın ortaya atdığı şiə-sünni məsələsi həllini taparsa, öncə iki Türk dövləti arasında İslam birliyi, daha sonra Türk birliyi ideyası gerçəkləşəcək, bununla da fizikən türklərin idarə etdiyi “İran”, düşüncə və idarəetmə baxımından da Turana çevriləcək.

Nadir şah Səfəvi Türk dövləti zamanında ortaya atılmış şiəçiliyi aradan qaldırmaqla iki Türk və müsəlman dövləti arasında birliyin yaranmasında isə israrlı olmuşdur. Hər halda onun bir tərəfdən Osmanlı sultanına müraciət etməsi, ancaq Sultan Mahmudun cəfərliyi 5-ci təriqət kimi qəbul etməməsinə baxmayaraq, bir neçə dəfə bununla bağlı böyük dini məclislər keçirməsi və din rəhbərlərinə şiə-sünni ixtilafını aradan qaldırmaq üçün göstərişlər veriməsi tarixi həqiqətdir. Belə məclislərdən biri 1743-cü ilin dekabrında Nəcəfdə baş tutub ki, “Nəcəf vəsiqəsi” adıyla rəsmiləşdirilib. Burada bir daha bildilir ki, Nadir şah taxta çıxan gündən sünni-şiə məsələsini həll etməyə qərar vermiş, bunun üçün Osmanlı sultanına məktublar yazaraq bəzi təkliflər irəli sürmüşdür.

Sənəddə Şah İsmayıl Səfəvi tərəfindən irəli sürülən şiəliyin İslam dünyasına gətirdiyi ədavət və parçalanma kimi zərərlərindən söz açılaraq, şiəliyin aradan qaldırılmasının cəfəriliyin qəbul edilməsinin önəmliliyindən bəhs olunmuşdur.

Nadir Şah

Bizcə, İran kimliyinə meyilli şiə üləmaları zahirən Nadir şahla bu məsələdə razılşasalar da, əslində onların əksəriyyəti daxilən buna qarşı olublar. Bunu yaxşı anlayan Nadir şah da radikal şiə ruhanilərinə və onların tərfdarlarına amansız divan tutmaqdan çəkinməmişdir. Başqa sözlə, Nadir şah Osmanlı sultanının hansı qərar qəbul etməsindən asılı olmayaraq Səfəvi şiəçiliyini aradan qaldırıb cəfərliyi ortaya qoymaqda israrlı idi. O, bu yolda oğlunun gözünü kor etdirməklə yanaşı, ona əngəl olan şiə mollalarına qarşı da radikal addımlar atmaqdan çəkinməmişdi. Nadir şahın yeni dövlətdən – Əfşarlar imperiyasından uzaq tutduğu əsas təbəqə də, ilk növbədə radikal şiə ruhaniləri və havadarları olmuşlar. Artıq Nadir şah Əfşar açıq şəkildə Səfəvilər dönəmlərində olduğu kimi dövləti şiə ruhanilərin düşncəsiylə idarə etmək istəmir, bütün vasitələrdən istifadə edərək onları zərərsizləşdirirdi; hətta o Muğan Qurultayında onun işinə müdaxilə edən Mollabaşını belə qətlə yetirtmişdir. Rus müəllifi L.Boqdanovun da qeyd etdiyi kimi, Səfəvilərdə şiəçilik imamlar nəslinin davamçısı kimi hakimiyyətə qanuni sahib olmaq üçün zəruri olduğu halda, Nadir şah Əfşar bunu, parlaq şəkildə zərərli görür, eyni zamanda sünni-şiə məzhəbindən asılı olmayaraq hamının şəriət və Allah qarşısında bərabər olması ideyasını irəli sürürdü; bu addımla Osmanlının iki əsrdən çox Səfəvilər üzərində apardığı məzhəb uğrunda müqəddəs müharibələrinə də son qoymuş olurdu.
Dr. Faiq Qəzənfəroğlu

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture