/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Urmiya düsturu: 1+1=0… -Sədrəddin Soltan

Urmiya düsturu: 1+1=0… -Sədrəddin Soltan

OğuzTV:İki prezidentin hərəsi bir komissiya yaratdı, lakin nəticə yoxdur… 
 

 

Dünyada, eləcə də bölgədə baş verən hadisələr Urmiya gölünün qurumasına Tehran hakimiyyətinin laqeydliyini artırıb. Heç şübhəsiz, zaman ötəcək, İranda və onun qonşularında, Suriyada və Orta Şərqdə vəziyyət düzələcək, ancaq Urmiya gölü quruyandan sonra bu faciənin nəticəsini aradan qaldırmaq mümkün olmayacaq. Lap Aral dənizin başına gələn oyun kimi. 1960-cı illərin sonundan pambıq planını doldurmaq üçün Amudərya və Sırdərya çaylarından suyun davamlı və rejim tətbiq edilmədən axıdılması nəticəsində dənizdə suyun səviyyəsi sürətlə enməyə başladı. 1989-cu ildə Aral dənizi iki hissəyə bölünüb: Şimal, yaxud Kiçik, Cənub və ya Böyük Aral dənizi.

Ancaq belə getsə, heç Urmiya gölü bölünməyə də macal tapmayacaq.

İran KİV-nə istinadən məlumatına əsasən, Qərbi Azərbaycan əyaləti ekologiya idarəsinin başçısı Əli Abbasnejad gölün vəziyyəti ilə bağlı bunları deyib: “Hazırda Urmiya gölünün üstündəki körpünün yan-yörəsində su var, o da bir neçə gündən sonra tamam quruyacaq. Bu su hövzəsi ətrafında yerləşən bir çox kənddə içməli su yoxdur. Ora suyu tankerlərlə daşıyırlar”.

Ekologiya idarəsinin təmsilçisi deyib ki, Urmiya gölünün dərinliyi də yarıbayarı azalıb. O da bunun səbəbini İranın keçmiş prezidenti Mahmud Əhmədinejad kimi yağıntıların azlığında axtarıb: “Hazırda əvvəlki illərdə olan yağıntı yoxdur. Urmiya gölünün canlanması üçün 10-20 ilədək vaxt lazımdır”.

Onu da qeyd edək ki, M.Əhmədinejad yağışın yağmamasında ABŞ-ı günahkar bilmişdi.

Məlumat üçün bildirək ki, bu gölə Azərbaycanın çeşidli bölgələrindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay  və b. adlarını çəkmək olar. Yağıntı az olsa da bu gölün səviyyəsi aşağı düşməmişdi. Bunu gölə yeraltı çayların axması ilə əlaqələndirirdilər.

Mütəxəssislərin fikrincə, Urmiyanın quruması prosesi 1999-cu ildən başlayıb. Başqa sözlə, indiki hakimiyyət bunu Azərbaycan türklərinə indikilərdən heç də az sitəm etməmiş Məhəmmədrza şahın boynuna ata bilməz.

Bu il iyunun 29-da İran prezidenti Həsən Ruhani qurumaqda olan Urmiya gölünün bərpa olunması üçün fərman imzalayıb.

Həmin fərmanla Urmiya gölünün xilas edilməsi üçün işçi qrupu yaradılıb və qrupa tapşırılıb ki, araşdırmalar aparsın, mümkün problemləri öyrənsin, gölün bərpası işini sürətləndirsin.

Ruhani vurğulayıb ki, Urmiya gölü “indiki durumunda başlı-başına buraxılmamalıdır, hökumət gölün yenidən bərpa olunması üçün lazım olan vəsaiti təmin etməyə hazırdır”.

Fərmanın icrasına bu il iyulun əvvəlindən başlanıldığı elan edilib. Ancaq indiyədək heç bir irəliləyiş yoxdur.

Xatırladaq ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da belə bir komissiya yaratmış və fərman imzalamışdı.

Hətta 2009-cu ilin prezident seçkisindən öncə prezident Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən hökumət iclaslarından birində onun rəhbərliyi altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunmuşdu.

Əhmədinejad hakimiyyətini başa vurdu, onu yeni prezident əvəz elədi, ancaq həmin komissiyanın gördüyü işlərdən indiyə kimi bir xəbər yoxdur.

Onda prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır: “Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik”.

Onda gölünü qurumasını lağa qoyan dövlət rəsmiləri də tapıldı. Bu komissiya yaradıldıqdan sonra Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani gölün qurumasına istehza ilə yanaşaraq, demişdi: “Urmiya gölü qurusa idi, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir”.

Bu azmış kimi, Tehran hakimiyyətinin yerli rəsmisi əlavə etmişdi: “Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar”.

Xatırladaq ki, mütəxəssislər Araz və Silvə çaylarından Urmiya gölünə su gətirilməsinə bir milyard dollar lazım olduğunu bildirmişdi. Ancaq bu müddət ərzində  büdcədən gölün qurumasının qarşısının alınması üçün cəmi 35 milyon dollar ayrıldığı haqda sadəcə xəbər yayılıb.

Vəziyyətin ağırlığını bildikləri halda İran parlamenti “Urmiya gölünün dirçəldilməsi” layihəsini indiyədək müzakirə etməyib.

Quruyan təkcə Urmiya gölü deyil. Güney Azərbaycanın Binab şəhərindən olan deputat Məhəmməd Baqiri ötən gün Binab çölünün vəziyyətindən və su problemindən danışıb. O, deyib ki, belə davam edərsə, 7-8 ilə Binabın bütün meyvə bağları məhv olacaq: “Binab çölünün Urmiya gölünün vəziyyətinə düşməsini istəmiriksə, onda məsullar indidən ciddi şəkildə fəaliyyət göstərməlidir”.

O, Urmiya gölünün bu vəziyyətə düşməsini məsulların proqramsızlığı və laqeyd münasibəti ilə əlaqələndirib.

Beləliklə, İranda hökumətlər, prezidentlər dəyişsə də, onların Güney Azərbaycana və onun problemlərinə münasibəti dəyişmir.BAO

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture