/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » 20 yanvar ,Bütöv Azərbaycan türklərinə şərəf səhifəsidir.
ژانویه سیاه روز حماسه و قهرمانی برای ملت ۵۰ میلیونی تورک آزربایجان است

20 yanvar ,Bütöv Azərbaycan türklərinə şərəf səhifəsidir.

OğuzTV:1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr 2əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet işğalçı dövlətinin rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ işğalı,Azərbaycan türklərinə qarşı soyqırımı və  Azərbaycanlıların 7min illik   əzəli öz torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Azərbaycan Türklərinin tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet işğalçı dövlətinin hərb maşınının həmin gün Azərbaycan türklərinə qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.

Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən yurdsuz Ermənilərin təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş millətə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.

1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız saldırldı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

Belə ki, artıq yanvarın 20-də  117 soydaşımız şəhid olmuş ; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. 

1990-cı ilin yanvar qırğını nə qədər faciəli və acı olsa da, işğalçı qüvvələr Azərbaycan türk millətinin iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.Həmin gecədə şəhid olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar,Azərbaycanın quzeyində milli azadlığı, müstəqilliyi üçün yol açdılar, Özlərı bilmədən Azərbaycanın Güneyində əsir olan Azərbaycan türklərinədə milli oyanış və milli reuh bəxş etdilər. Bu gün müstəqil Quzey Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi 50 milyonluq Bütöv Azərbaycan türkünün şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Oğuz Media bu milli və şərəflı günü hörmətlə anaraq,Şəhidlərimizə tanrıdan rəhmət,50 milyonluq Azərbaycan türkünə birlik və baş ucalıq ,Mustqəil dövlətimizə əbədiyət və Azərbaycanımıza bütövlük diləyirik.

 

Comments,Baxışınız
oguz gif telegram