/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İranın və İsrailin Bakıdakı diplomatları üz-üzə gəldi – qarşılıqlı ittihamlar

İranın və İsrailin Bakıdakı diplomatları üz-üzə gəldi – qarşılıqlı ittihamlar

OğüzTV:Möhsün Pakayinin “İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir” ittihamına Dan Stavdən cavab gəldi: “İran rejimi ictimai şəkildə hüquqi proses olmadan yüzlərlə insanı edam etdirir”; Zahid Oruc: “Əgər yaxın aylarda Həsən Ruhaninin ayaqları altına İrəvanın qədim türk qalalarının yerində məşhur xalçalarımızı salsalar…”

Tehranla Təl-Əviv arasında davam edən “soyuq müharibə”yə növbəti dəfə bu paytaxtların xaricdəki diplomatları da qoşulub və bir-birini ittiham edən mövqelərlə çıxış etməkdədirlər. Azərbaycandakı səfiri Möhsün Pakayinin İsrail əleyhinə səsləndirdiyi fikirlərə İsrailin Bakıdakı elçisindən cavab reaksiyası gəlib.

“İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin İsrail dövləti və demokratik şəkildə seçilmiş hökuməti ilə bağlı acıqlı xatırlatması İranı “dəmir əllər”lə idarə edən hegemon və təcavüzkar teokratik rejimin əsl xarakterini ifşa edir”-deyə, İsrailin Azərbaycandakı səfiri Dan Stav İran səfirinin ötən gün İsrail və Fələstin məsələsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. (APA) Qeyd edək ki, iranlı diplomat öz açıqlamasında bunları bildirmişdi: “İsrail rejimi Fələstin torpaqlarını işğal edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir. Biz düşünürük ki, İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir. Bu səbəbdən də bu rejim dəyişməli, Fələstin xalqı öz torpaqlarına sahib olmalıdır. Bu gün Qəzza əhalisi blokada şəraitindədir. İsrail rejimi onlara qida və dərmanların çatdırılmasına mane olur. Eləcə də İordaniya çayının qərb sahillərində əhali İsrailin təzyiqləri ilə üz-üzə qalıb. Mən hesab edirəm ki, bu iki münaqişəsini müqayisə etmək düzgün deyil. Bir daha qeyd edim ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir”.

Qeyd edək ki, səfirin Qarabağdakı fəlakətlərin miqyasını azaltmağa çalışması, Xocalı soyqırımı kimi dəhşətləri görməzdən gəlməsi Azərbaycanda da etirazla qarşılanıb. Hətta İran səfirinin XİN-ə çağırılmasını, ona etiraz bildirilməsini tələb edənlər də var. Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyib. İsrail isə özünə aid tənqidlərə operativ reaksiya verib.

İsrail səfiri Dan Stav isə öz növbəsində APA-ya bildirib ki, “çoxsaylı beynəlxalq hesabatlar da göstərir ki, İranın qəddar rejimi bahəiliyə məxsus azlıqları insafsızcasına təqib edir, LGBT icması kimi sosial qruplara zülm verir”. Diplomat ardınca bildirib: “İran rejimi ictimai şəkildə hüquqi proses olmadan yüzlərlə insanı edam etdirir və sistemli şəkildə öz əhalisinin, o cümlədən qadın və uşaqların insan haqlarını pozur. İran Yaxın Şərqdə və onun ətrafında müxtəlif ölkələrin daxili işlərinə aktiv şəkildə qarışmaqla, suverenliklərinə hörmət etməməklə, təxribatçılıq siyasətini genişləndirir. Suriyadakı vətəndaş müharibəsinə iştirak etməklə İran rejimi müharibə cinayətləri törədir, beynəlxalq hüquq və normaları kobud şəkildə pozur. Tehran Livandakı “Hizbullah” və Qəzza zolağındakı HAMAS kimi terror təşkilatlarını maliyyələşdirir, dəstək verir, silahlandırır və bəyan etdiyi kimi, bunda da əsas məqsədi İsrail dövlətini dağıtmaq, İsrailin günahsız dinc əhalisini hədəfə almaqdır”.

İranın Ermənistanla münasibətlərinə, vizasız gediş-gəlişin tətbiqinə Azərbaycandan da etirazlar bildirilib və hətta bu məsələ Milli Məclisdə geniş müzakirə olunub. İranın diplomatı isə “Azərbaycan parlamentinin son iclasında parlamentarilər ümumilikdə İran-Azərbaycan münasibətinə müsbət yanaşıblar. Yalnız üç deputat tənqidi danışıb. Amma biz bunları nəzərə alaraq, parlamenti İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək qurum kimi təqdim etməməliyik” – deməklə kifayətlənib.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc isə “Yeni Müsavat”a açıqlamasında Tehranın Ermənistanla əlaqələrindən bəhs edən maraqlı fikirlər söylədi: “5 iyunda Tehranda ən güclü ölkələrin yüksək nümayəndələrinə göstərilən iltifat və hörmətlə qarşılanan Edvard Nalbəndyanın İranla münasibətlərdə hansı məqsədlərə nail olmaq istədiklərini görmək o qədər də çətin deyil. Regional təhlükəsizlik proseslərində fəal rol oynamağa və Qərbin yeni açılım proqramlarında hər hansı şəkildə iştirak etməyə çalışan, bununla geopolitika subyekti olmağa cəhdlər göstərən Ermənistanın çoxvektorlu siyasət anlayışını haradasa başa düşmək olardı. Lakin aprel döyüşlərindən sonra Moskvadan qopmaq istəyənlərin geniş xalq hərəkatına dönməsi fonunda İrəvanın Tehranla əlaqələrə nicat yolu kimi baxdığını aydın görmək olur. Söhbət təkcə yeni sahib axtarışlarından və ruslara qarşı geolopitik alternativ yetişdirməkdən getmir. Onsuz da hava və torpaq məkanını bütövlükdə təslim etmiş bir ölkənin müstəqil xarici siyasət kursu heç nəyi dəyişmir. O bir yandan da vizasız gediş-gəlişdən kimin daha çox udacağı da bəllidir. Hər halda 80 milyonluq bir ölkənin Qafqazlarda əsas marağını Azərbaycanla deyil, işğalçı bir ölkə hesabına qurmasının səbəbləri çoxdur. Uzun illər ərzində İran ermənilər üçün yol çəkib, qaz xətti inşa edib, enerji asılılığından qurtulmaqda əvəzsiz rol oynayıb və şübhə etmirəm ki, Qarabağda yanan qaz Təbrizdən gəlir. Əks halda özünütəcridə məruz qalmış separatçı bir bölgə özünün baş hamisindən öncə donub məhv olardı”.

Z.Oruc qlobal savaşın ən ağır dövründə Bakıdan Tehrana qarşı heç bir savaş cəbhəsinin açılmadığını xatırlatdı: “Ancaq buna baxmayaraq, Türkiyədən fərqli olaraq, İran Ermənistanın iqtisadi-siyasi xilasına çalışıb və onu arxa bağçası kimi bəsləyib. Strateji nöqteyi-nəzərdən bunu belə izah etmək olardı ki, Qərbin çoxvektorlu planları fonunda Tehran da Qafqaza nəzarət uğrunda savaşır. Lakin 4 günlük müharibədən sonra bizim şiə qonuşlarımız – din qardaşlarımız Azərbaycanın hərbi gücü və Qarabağı öz nəzarətinə qaytarması perspektivinə yenidən baxaraq, Yerevan cəbhəsini gücləndirmək üçün son addımlara əl atıblar. Əhmədinejad dövründə müxtəlif dini-siyasi təxribatçıların rəsmi Bakının hər bir hərəkətini Xəzərdə strateji balansı pozması və sionist birliklərinə meydan verməsi kimi qəbul etməsi Ruhaninin hakimiyyətə gəlməsi ilə dayandırılsa da, son aylar ərzində Tehranda köhnə zamanın siyasi prinsiplərinə qayıdış baş verib. Hər vəchlə nüvə qalmaqalından çıxıb dünya birliyinə yeni statusda qayıtmaq istəyən bir dövlət fars imperiyasının bəlli diplomatik ssenarilərini dövriyyəyə qaytarıb. Azərbaycanı Qərbin enerji portnyoru qismində görmək indi qonşularımızı əvvəlki zamandan daha çox narahat edir. Üstəlik, Qarabağ məsələsində və regional hərbi-siyasi balansın qorunmasında nəyin bahasına olur-olsun iştirak marağı keçmişdə formal da olsa bizim ərazi bütövlüyümüzü müdafiə etmək xəttindən indi İranı kənarlaşdırır. Ona görə də Nalbədyan sanki Bakıya üzünü tutaraq ”İrana Qarabağ məsələsində balanslı mövqeyi”nə görə təşəkkür edir. Yəqin təəccübləndiniz ki, torpaq bütünlüyü hansı balanslı diplomatiya kursu ilə izah oluna bilər?

Lakin görünür, Ruhanini Sərkisyana salam göndərməyə vadar edən Azərbaycandır. Onsuz da dünyada siyasi tənhalıq ömrü yaşayan, son aylara psixoloji vəziyyətinə görə sərsərini xatırladan erməni rəhbərinə atəşli salam göndərən yeganə prezident İran lideridir”.

Deputat bir məqamı da vurğuladı: “Əgər yaxın aylarda Həsən Ruhaninin ayaqları altına İrəvanın qədim türk qalalarının yerində məşhur xalçalarımızı salsalar, onda rəsmi Bakının xarici siyasətində hansı korreksiyalar aparılacağını təyin etmək çətin olmayacaq. Hər halda Qarabağın işğalı təkcə İrəvanın maraqlarına yaramırmış. Ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın iddialarının genişlənəcəyindən çoxları narahatdır. Ona görə də İran ermənilər vasitəsilə Azərbaycan ərazilərinin işğalında iştiraka üstünlük verir”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture