/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Saleh Kamrani: Qarabağda savaşın başlaması Güney Azərbaycanda milli ruhun, milli güvənin yüksəlməsinə səbəb oldu (Səs faylı)

Saleh Kamrani: Qarabağda savaşın başlaması Güney Azərbaycanda milli ruhun, milli güvənin yüksəlməsinə səbəb oldu (Səs faylı)

Oğuz TV: Güney Azərbaycanın mühacirətdə yaşayan hüquqşunası Saleh Kamrani  Oğuz TV-də son günlərdə  Qarabağda yaşanan gərginliyi dəyərləndirdi.

 Qısa sürən II Qarabağ savaşının başlama səbəbləri və  bu savaşın Güney Azərbaycan Milli hərəkatına olumlu olumsuz təsirləri nələrdi?

İlk öncə Qarabağ savaşında Şəhid olan soydaşlarımıza Tanrıdan rəhmət, ailələrinə başsağlığı, yaralılara şəfalar diləyirəm.

Bildiyiniz kimi Qarabağ sorunu 1988-ci ilədən başlayıb və 1994-cü ildən atəşkəs elan edildikdən sonra BMT (Birləşmiş Millətlər Təşkilatı) qəbul etdiyi 4 qətnamə ilə sorunu yaradan dövlətlərin boynuna bir sıra  vəzifələr qoydu.

  1. Savaşı durdurmaq.
  2. İşğalçı Ermənistan qoşunlarının Qarabağ və 7 ətraf bölgədən çıxması.

Lakin təssüf olsunki, bu illər ərzində uluslararası güclər bu tələbin yalnız birinci bəndini icra eləməyə çalışdılar. Bildiyiniz kimi bu atəşkəs rejmi də bu illər ərzində tez-tez pozulub, Azərbaycan tərəfi zaman-zaman Şəhid verib.

Münaqişənin həlli üçün yaradılan Minsk qrupuna daxil olan üç ölkəyə Fransa, Rusiya və Amerikaya baxdığımızda, bu ölkələrdən ikisinin, Rusiya və Fransanın açıqcasına Ermənistanın tərəfdarı olması bəllidi. Rusiya zatən Ermənistanın hərfi tərəfdaşıdı. Ermənistanın hərbi tərəfdaşı olan ölkə bu münaqişənin həllində necə ədalətli ola bilər anlamıram.

Fransa da erməni diasporasının güclü olduğu dövlətlərdən biridi. Bunun nəticəsidir ki, Türkiyəni qondarma  soyqrıma məhkum edən ölkədi. Fransanın da bu münaqişədə ədalətli davranması inandırıcı deyil. Həm də bu ölkə nə bölgə ölkəsidi, nə də Amerika kimi dünya dəngəsini dəngələyə bilən bir ölkədi.

Minsk qrupunda Rusiyayla yanaşı Türkiyə də yer almalıdı.

Minsk qrupu 22 ildə Ermənistanın xeyrinə olan mövcud vəziyyəti qoruyub saxlamağa çalışdı.

Mənim fikrimcə Minsk qrupunun fəaliyyəti bu zamana  qədər Azərbyacan torpaqlarının erməni işğalında qalmasına şərait yaratmaq olub.

Təbii ki, Azərbaycan milləti bu işğalnan barışmayıb. Bölgədə gedən proseslərə Suriya olaylarına, Rusiyanın Ukraynada, Maldovada  və s. yerlərdə sorunlar yaradaraq, hegemonluğu əlində saxladığına baxdığımızda, Rusiyanın Suriyada itirdiyi imajını geri qaytarmaq istədiyini görürük. Rusiyanın məqsədi Ermənistanı yenidən qızışdırıb münaqişəni yenidən başlatması, Qarabağ sorununu öz xeyrinə həll etməsidi.

Lakin Azərbaycan tərəfinin bunu qəbul etməməsi çox doğru bir addımdı. Azərbaycan 4-5 günlük müharibədə öz gücünü Ermənistana göstərdi. Buna görə də, Azərbaycan siyasi və diplomatik alanda güclü kart ələ keçirdi. Əgər bu kartdan 1-2 ay ərzində istifadə edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ciddi nəticələr əldə etsə, Minsk qrupuna fürsət vermək olar, yox əgər 2 aydan artıq bu proses davam edərsə, Azərbyacanın buna yenidən inanması tam yalnış olacaq və öz xeyrinə nəticə alması mümkün olmayacaq.

Qısa müddətli müharibənin nəticələrinə gəldikdə isə, acı tərəfi o oldu ki, Şəhidlər verdik, ürəyimizi ağrıtdı, amma torpaq can verilmədən alınmır.

Müsbət tərəfi isə odur ki, milli ordumuzun güclü olması və Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etmək iqtidarında olduğunu hər kəs görmüş oldu.

Birinci dəfə Türkiyə açıq-aşkar tam gücü ilə Azərbaycana dəstək olduğunu ifadə etdi. İslam dünyasında Azərbaycana müsbət baxışlar açıq şəkildə özünü göstərdi, İrandan başqa digər islam dövlətləri, Pakistan başda olmaqla hamısı Azərbyacanın yanında olduqlarını müxtəlif formalarda göstərdilər.

Rusiya yenə keçmiş oyunlarını davam etdirdi. Lakin burda bir fərq var idi. O da bu idi ki, Rusiya I Qarabağ savaşında olduğu kimi bu dəfə açıq şəkildə Ermənistanın yanında dura bilmədi. Bu da güneyli-quzeyli Azərbaycan Türklərin başarısı idi.

II Qarabağ savaşında ən mühüm dəyişikliklərdən biri bu idi ki, İran dövləti I Qarabağ savaşında sərgilədiyi mövqeyi, yəni Ermənistanın yanında olmasını bu dəfə istədisə də bunu eləyə bilmədi. Bəzi ekspertlərində dediyi kimi bunu Güney Azərbaycandakı Milli Hərəkatdan qorxduğu üçün edə bilmədi.

Bu qısa sürən savaş otaylı bu taylı bir millət olaraq, Azərbyacan Türklərinin  bir-birinə bağlılığını gözlər önünə gətirdi və Güneyli-Quzeyli soydaşlarımızın bir-birlərinə yaxınlaşmasını, dayanışmasını sürətləndirdi.

II Qarabağ savaşında İranın rəsmi və qeyri-rəsmi şəkildəki tutumu hansı yöndə oldu?

İran ictimaiyyəti bu savaşda kimin tərəfinə oldu?

İran I Qarabağ savaşında olduğu kimi, bu dəfə də öz bitərəfliyini elan elədi. Amma İranın I Qarabağ savaşında gerçək siyasəti  Ermənistanın yanında durması oldu. I Qarabağ savaşından sonra BMT-nin qəbul etdiyi 4 qətnamədə deyilir ki, kimsənin, özəlliklə də qonşu ölkələrin savaşan dövlətlərin lehinə bir iş görmək haqqı yoxdu. Burda Rusiya və İran nəzərdə tutulur.

Savaş Azərbaycanın əleyhinə bitmişdi. Bunun üçün İranın rəsmi şəkildə bitərəflik elan etməsi uluslararası hüquqa uyğun gəlirdi.  Bilirsiz Ermənistan dörd tərəfdən mühasirədədi. Türkiyə tərəfdən sərhəddləri bağlıdı, Azərbaycala savaş durumundadı, Gürcüstanla olan sərhəddə  zatən zaman-zaman sorun yaşayır və Ermənistanın nəfəs alaçağı təkcə sərhəddi İran işğalındakı Güney Azərbaycanladı. Ona görə də, I Qarabağ savaşında İran Ermənistanın bütün ehtiyaclarını qarşıladı. Ermənilərə ucuz qaz verməklə, ora dəmiryolu çəkməklə, elektrik verməklə. Əhməd Nejad zamanında İran müdafiə naziri Ermənistana gedərək erməni müdafiə naziri ilə görüşərək hərbi iş birliyi anlaşması imzalayırlar. Bu isə, İranın BMT-nin 4 qətnaməsini açıqcasına heçə sayması idi. Bu bir daha İranın Qarabağ münaqişəsi zamanı işğalçı Ermənistanın yanında durmasının sübutudur.

Digər tərəfdən İran ikitərəfli siyasət yeritmək məcburundadı. Bir yandan Azərbaycanın içindəki dinçi kəsimi aldatmaq üçün dini propaqandalar apararaq sanki özünü Azərbaycandan yana göstərməyə çalışır, digər tərəfdən isə, güclü Azərbyacan istəmədiyi üçün hər zaman Ermənistanı gücləndirərək, Azərbaycanı təhdiddə saxlamaq istəyir.

İran qətiyyən güclü Azərbyacan istəmir. Əgər güclü Azərbyacan yaranarsa, o zaman İranın işğalda saxladığı Güney Azərbyacan baş qaldırar.

II Qarabağ savaşının başlaması ilə Güney Azərbyacan Milli Hərkatına öz müsbət təsirini verdi. Bu savaş Güney Azərbaycanda milli ruhun, milli güvənin yüksəlməsinə səbəb oldu.  

Rus, Türk, hətta fars mediyasında çıxış edən bir çox ekspertlər dönə-dönə vurğuladılar ki, II Qarabağ savaşında İranın Ermənistanın tərəfini açıq şəkildə tutmamasının səbəbi Güney Azərbyacandakı Milli Hərəkat oldu. Ekspertlər belə qənaətdədilər ki, əgər bu savaş davam edərsə, heç şübhəsiz bu İranın içərisinədə sıçrayacaq, bunun nəticəsində də Güney Azərbaycanda millətçilik pik nöqtəsinə çatacaq. Bu isə, İrana ciddi sorun yaradacaq. Buna görə də İran bütün gücü ilə çalışır ki, atəşkəs elan olunsun, Minsk qrupunun fəaliyyəti davam etsin.

İran ictimaiyyətinə gəldikdə isə, Güney Azərbyacan Türkləri eləcə də İranın daxilindəki digər Türk toplumları I Qarabağ savaşından daha artıq şəkildə Azərbyacanın yanında olmağa çalışdılar, Azərbyacanın yanında olduqlarını hər fürsətdə göstərdilər. Təbrizdə, Tehranda Azərbaycan səfirliyi və konsolluğunun önündə böyük dəstək yürüşü keçirtməyə cəhd etdilər, lakin İran buna imkan vermədi. Bütün bunlara baxmayaraq , mediada, futbol stadionlarında Azərbyacana dəstəklərini göstərmiş oldular. Ərəblər belə bizim yanımızda olduqlarını nümayiş etdirdilər.

Lakin İranda farslar və kürtlərin mövqeyi fərqli idi. Hər iki millətin mediası, aydın kəsimləri özəlliklə kürtlər açıq şəkildə Azərbaycanın əleyhinə oldular. Azərbyacanın əleyhinə təhqirlər, söyüşlər istifadə etməkdən belə çəkinmədilər. Farsların isə, daha ifratları Azərbaycana nifrətlərini göstərsələr də, daha yumşaq düşünənləri və ağıllı kəsimi susmağı üstün tutdu.

Ümumi götürdükdə də farslar yenə də Ermənistanın tərəfində durdular. Lakin Güney Azərbaycan qorxusu bu tərəfdarlığı açıq şəkildə göstərməklərinin  qarşısını aldı.

 

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture