/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Xəzər Rusiya və İranın hökmranlığına keçə bilər

Xəzər Rusiya və İranın hökmranlığına keçə bilər

OğuzTv:Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üçün Xəzəryanı ölkələr arasında aparılan 20 illik danışıqların başa çatması və əldə olunan yekun razılaşma bu dövlətlərin hər birində geniş müzakirələr doğurub. Bununla bağlı hazırlanan sənəd gələn il Xəzəryanı ölkələrin rəhbərlərinin Qazaxıstanda keçirilən sammitində imzalanmaq üçün təqdim olunacaq.


Xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupun Azərbaycandan olan üzvü Xələf Xələfovun son açıqlamaları ölkəmizdə bu istiqamətdə gedən müzakirələri daha da artırıb. Nazir müavini 20 illik danışıqların uğurlu başa çatdığını, Azərbaycanın mənafelərinə tam cavab verdiyini bildirib. X.Xələfov hazırlanan konvensiya layihəsinin heç bir dövlətə üstünlük vermədiyini, bərabər davranış qaydalarını təmin etdiyini də qeyd edib.
Rəsmi yekun razılaşmada və hazırlanan sənəddə Azərbaycanın hansı üstünlükləri qazanması barədə müxtəlif fikirlər var. Xüsusilə, müstəqil ekspertlərin bu istiqamətdəki mövqeləri kifayət qədər diqqətçəkəndir. Onların bəziləri hesab edirlər ki, Azərbaycan müəyyən üstünlük qazansa da, Xəzərdə Rusiyanın hegemonluğu yenə də davam edir, İranın hökmran mövqeyinin aradan qalxmadığını deyənlər də var. İran və Türkmənistanla Xəzərdəki neft yataqları ilə bağlı daim narazılığı olan Azərbaycanın bu razılaşmada hər iki dövlətlə necə dil tapdığı müəmmalı olaraq qalır.
Bundan əlavə, ekspertlər son proseslərdən sonra Qərbin tamam Xəzərdən sıxışdırılıb çıxarıldığını da bildirirlər. Qərbin Xəzərlə bağlı niyyətlərini həyata keçirmək imkanlarının tamam üzərindən xətt çəkildiyi, burada da Rusiyanın Qərb üzərindəki üstünlüyü vurğulanır.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Xəzərin statusu ilə bağlı hazırlanan sənədin imzalanma perspektivlərinin yüksək olduğunu düşünür: “Keçən həftə Xəzəryanı ölkələrin xarici işlər nazirləri Moskvada Xəzərin statusu ilə bağlı müzakirələrini davam etdirdilər. Müzakirələrin nəticəsi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, 20 illlik çalışmalar yekunlaşmaq üzrədir və Xəzərin Konvensiyasının imzalanması perspektivi yüksəkdir.

Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Dəqiq tarix hələ müəyyənləşməyib. Nazirlərin razılaşdırdıqları Konvensiyanın mətni dövlət başçılarına təqdim ediləcək. Böyük ehtimalla sahil ölkələrinin prezidentləri sənədi dəstəkləyəcəklər. Həqiqətənmi 20 illik danışıqların nəticəsi olaraq Xəzərin statusu 2018-ci ildə müəyyənləşəcək? Sahilyanı ölkələr keçmiş illərdə də Xəzərin statusu ilə bağlı saziş imzalamağa yaxın olublar. Ancaq hər dəfə ”kiçik detallar” statusun müəyyənləşməsinə imkan verməyib. Məsələn, İran Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyir. Bu beynəlxalq dəniz hüququna uyğun deyil. Dəniz sərhədləri orta nöqtədən hesablanır. Buna baxmayaraq, əgər SSRİ-nin vaxtına İran Xəzər dənizində cəmi 14 faiz paya malik idisə, SSRİ dağılandan sonra 20 faiz paya iddia etdi. Heç bir Xəzəryani ölkə İranın bu mövqeyini qəbul edə bilməzdi. Ona görə də əsas sual budur: “İran iddiasından geri çəkilibmi?” Çünki İran əvvəlkitək Xəzərin bərabər hissələrə bölünməsini tələb edərsə statusu müəyyənləşdirəcək Konvensiyanı imzalamaq mümkün olmayacaq. Yox, əgər İran iddiasından geri çəkilibsə, onda bunun qarşlığında hansısa tələbinin yerinə yetirilməsinə çalışıb”.

Image result for Elxan ŞahinoğluPolitoloq bir sıra tələblərin ola biləcəyini də istisna etmir: “İran Xəzərə sahili olmayan ölkələrin Xəzər dənizində varlığının əleyhinə çıxır. Görünür, Tehran Azərbaycan və Qazaxıstanın Qərb ölkələri ilə əməkdaşlığından ehtiyat edir. ABŞ Azərbaycana bir neçə kater verib. Ancaq ABŞ Xəzərdə aktiv hərbi varlığa maraq göstərmir. Ona görə də əslində Tehranın narahatlığı üçün əsas yoxdur. Rusiyanın da Xəzərin statusunu müəyyənləşdirəcək Konvensiya ilə bağlı öz maraqları ola bilər.
Rusiya da İran kimi üçüncü ölkələrin Xəzərdə hərbi varlığının əleyhinədir. Bundan başqa Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də istəmir. Rusiya türkmən qazının Xəzər dənizinin dibi ilə Azərbaycan və buradan da Avropaya daşınmasına imkan vermək istəmir. Konvensiyada bu layihəyə mane olacaq hər hansı maddənin varlığı istisna deyil. Rusiyanın Azərbaycan və Qazaxıstanla müqaviləsi var. Bu müqaviləyə görə 3 dövlət arasında Xəzərdə sərhədlər müəyyənləşdirilib. Rusiya Xəzərdə Azərbaycan və Qazaxıstana aid heç bir neft və qaz yatağına iddia etmir. Rusiyadan fərqli olaraq Azərbaycanın Türkmənistan və İranla yataq problemin var. Türkmənistan Xəzərdə Azərbaycan aid ”Kəpəz” yatağına iddia edir. İran isə Azərbaycana “İnam” yatağında çalışmalara başlamağa imkan vermir. Konvensiya bu məsələyə də aydınlıq gətirməlidir. Mümkündür ki, mübahisəli yataqların birgə işlənməsiylə bağlı razılaşma əldə olunsun. Buna baxmayaraq, Xəzərin statusuyla bağlı Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərindən onu anladım ki, Konvensiyanın təsdiqi Azərbaycanın Xəzərdə Türkmənistanla və İranla sərhəd mübahisələrinə son qoymur və “Xəzərin statusu müəyyənləşdi” fikirini səsləndirmək hələ çox tezdir”.
Cavanşir ABBASLI

Comments,Baxışınız
oguz gif telegram